Zəngilan rayonu Qarabağın cənubunda, İranla sərhəddə yerləşir. Ərazisi 707 kvadratkilometr olan rayonun əhalisi 45 min (1993-cü ildə 39 min) nəfərdir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 79 kənddən ibarət idi. Zəngilanda əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 illik işğal nəticəsində Zəngilanın sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Azərbaycanda Zəngilan Şəhəri Günü ilk dəfədir qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci il oktyabrın 20-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu açıqlayıb. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Azad olunandan sonra Zəngilanda minatəmizləmə əməliyyatları ilə yanaşı, paralel olaraq yenidənqurma və bərpa işləri də davam etdirilir. Rayon ərazisində infrastrukturun bərpası işləri uğurla həyata keçirilir. Artıq Zəngilana həyat qayıdıb. Məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı məhz bu rayonla başladı. Belə ki, bu il rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olundu. Sakinlərin əzəli və əbədi kəndlərinə köçürülməsinə 2022-ci ilin iyulundan başlanılıb və proses hazırda davam etdirilir. Bundan əlavə, rayon ərazisində ilk hava limanı da inşa edilib. Ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Artıq Zəngilan aeroportuna Beynəlxalq Hava Limanı statusu verilib. Bu, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda inşa edilən ilk, işğaldan azad olunan ərazilərdə isə ikinci hava limanıdır. Bundan əvvəl isə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Məlumat üçün bildirək ki, işğaldan azad olunan ərazilərdə daha bir hava limanı isə Laçın rayonunda inşa edilir.
Dövlət başçısı 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfər edib. Dövlət başçısı rayonun Alıbəyli, Zəngilan kəndlərinin, şəhərdə salınacaq 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməlini qoyub. Bundan əlavə, Prezident Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub, Zəngilan Konqres Mərkəzi Kompleksinin və “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
İşğaldan azad olunan torpaqlara və xalqa göstərilən bu xidmətə görə Ali Baş Komandana dərin təşəkkür bildiririk.
Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! QARABAĞ AZƏRBAYCANDIR!
Aydın Əliyev,
Xocalı rayon ziyalısı