Hər xalqın taleyində onu qaranlıqdan aydınlığa çıxaracaq günlər var. 20 Yanvar da belə günlərdəndir.
Bu gün o azadlıq işartısı olan gündən 35 il ötür. Biz artıq parçalanmış yox, bötüv Azərbaycanda yaşayırıq.
Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış xocalılar da şəhidlərimizi dərin ehtiramla yad etdilər, ruhlarına dualar oxudular.
Mərasim iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər.
Xocalı rayon Mədəniyyət Evində davam edən tədbirdə ilk olaraq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş tibb bacısı Çiçək Quliyeva, Vətən müharibəsi iştirakçısı, Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi Qoşqar Orucov 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecədən başlayaraq Azərbaycanın suverenliyi, azadlığı uğrunda mübarizəyə qalxmış dinc sakinlərə qarşı sovet qoşunlarının törətdiyi cinayətlərdən bəhs etdilər. 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizdə istiqlaliyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu bildirdilər. Çıxış edən natiqlər 20 Yanvar hadisələri ilə əlaqədar Sovet hakimiyyətinin bu qanlı əməlinə ilk rəsmi etirazın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildiyini və Azərbaycan xalqının başına gətirilən bu faciəyə ilk siyasi-hüquqi qiymətin də Ümummilli Lider tərəfindən verildiyini diqqətə çatdırdılar.
Tədbirin sonunda Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri 20 Yanvar faciəsinə və şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər söylədilər.
***
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, xocalıların müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, avtomobillərdən səs siqnalları verildi.