İstər çar, istərsə də Sovet Rusiyası xalqımıza qarşı dəfələrlə kütləvi qırğınlar və deportasiyalar həyata keçirmişdir. Hər bir izin tarixdə qaldığı kimi 20 yanvar qırğını da Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, düşmənlərimiz və onların məkrli planlarını bizə tanıtmışdır.
Tarixi nöqteyi nəzərdən 1918-ci il 31 Mart soyqırımını xatırladan bu qırğın 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başlamışdır. Həmin dövrdə İttifaq respublikalarına qarşı mübarizədə acizlik çəkən Sovet Rusiyası müharibə ocaqlarından istifadə edərək əzələ gücü ortaya qoymaqla kütləvi soyqırımlar həyata keçirir, özün hələ də güclü olduğunu göstərməyə çalışır, bu yolla daxil sarıntılarını gizlətmək istəyirdi.
Hələ 1987-ci ildən ermənilərin Qarabağa olan niyyətlərindən məharətlə istifadə edən Sovet Rusiyası elə həmin ildən azərbaycanlıların doğma yurd yuvalarından qoyulmasında ermənilərə liderlik etmiş, qəfil hücum üçün əlverişli məqam gözləmişdir.
Əvvəlcədən hazırlanmış plana uyğun olaraq Sovet İttifaqı Kommunist partiyasının Müdafiə naziri Yazov başda olmaqla Müdafiə və Daxili İşlər nazirliyi qoşunlarından təyin edilmiş Hərbi birləşmələri paytaxt Bakıya qəfil hücum əməliyyatlarına başlamışdır. Qırğınların Əvvəlcədən və qəsdən törədilməsinə, başqa əməliyyatılarda şəxsən özü iştirak etməyən Müdafiə naziri Yazovun Bakıya əvvəlcədən gəlməsini sübut göstərmək olar. Fövqaladə vəziyyətin elan olunması haqqında xalqa vaxtında məlumat verilməməsi də qırğının əvvəlcədən hazırlanmasından xəbər verir.
Kommunist partiyasının itirilmiş nüfuzunu bərpa etmək, xalqımızın demokratiyaya olan ümidlərini qırmaq üçün Mixail Qorbaçovun xüsusi göstərişilə gerçəkləşən bu milli qırğın nəticəsində təkcə Bakıda Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər soydaşımız qətlə yetirilmiş, 20 nəfər isə ölümcül yaranmışdır. Fövqaladə vəziyyət elan olunduqdan sonra isə paytaxtda daha 21 nəfər də xüsusi amansızlıqla öldürülmüşdür. Beləliklə amansız hərbi müdaxilə nəticəsində ümumilikdə Bakı və ətraf rayonlarımızda arasında qadın və uşaqlar da olmaqla 147 nəfər öldürülmüş, 744 nəfər isə ağır yara almışdır. Qırğının gedişində Bakı və respublikanın başqa rayon və şəhərlərində kütləvi həbslər həyata keçirilmiş, ümumilikdə 841 nəfər qanunsuz həbs edilmiş, hətta onlardan 112-si SSRİ nin müxtəlif vilayətlərindəki həbsxanalarına göndərilmişdir.
Hadisə haqqında məlumat almış ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, baş vermiş qırağına görə Sovet rəhbərliyinə qəti etirazını bildirmiş, dərhal qırğınların dayandırılmasını tələb etmişdir.
Həmin dövrdə mövcud Azərbaycan SSRİ rəhbərliyinin belə bir faciəyə seyrci qalması, həmin rəhbərliyin yarıtmaz və qərəzli siyasətindən xəbər verirdi.
20 Yanvar faciəsi böyük itki olmaqla yanaşı, həm də xalqımızın milli iradə, düşmənə müqavimət və azadlıq sevgisini də ortaya qoymuş oldu. Fövqaladə vəziyyətin elan olunmasına baxmayaraq Azərbaycan xalqı yanvarın 22-də paytaxtın "Azadlıq" meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar yürüş keçirmişdir. Şəhidlərimizin dəfn mərasimində 2 milyon insan iştirak etmişdir.
Bu qırğına ilk siyasi qiymət yenə Heydər Əliyev tərəfindən 1994-cü ildə verilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli məclisin qərarında deyilir: Azərbaycanda vüsət almış azadlıq hərəkatını boğmaq demokratik və suveren dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa Sovet hərb maşının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı qüvvələrinin Bakı şəhərinə və rayonlara yeridilməsi, nəticədə haq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz ve cinayət kimi qiymətləndirilsin.
20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-ci il yanvarın 19 dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə şəhidlərimizə borcluyuq.
Hər il 20 yanvar günü Bakıdakı dağüstü parkda salınmış Şəhidlər Xiyabanına minlərlə insan axışır və 20 yanvar şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən yad edilir.
Və sonda iyirmi yanvar şəhidlərimiz də daxil olmaqla dövlətimizin suverenliyi, ərazilərimizin bütövlüyü naminə canını fəda etmiş bütün şəhidlərimizə Alllahdan rəhmət diləyir, qazi və veteranlarımıza can sağlığı arzulayıram.
Qoşqar Orucov,
Xocalı şəhər 5 saylı tam orta məktəbin müəllimi