Bu fitri istedadlı şairi tanıdığıma çox sevindim... İnanıram ki, Xocalıdan olan bu şairin şeirləri Sizin də qəlbinizə yol tapacaq. Uğurlar olsun!
XOCALININ ŞƏHRİYARI
İstedadlı şair Şəhriyar Allahyar oğlu Quliyev (Şəhriyar Allahyaroğlu) 1980-ci il yanvarın 4-də Xocalıda dünyaya gəlib. 1987-ci ildə 1-ci sinifə qədəm qoyub. Şeir yazmağa 6 yaşından başlayıb. Onun atası mərhum Allahyar Quliyev Qarabağda şeirləri dillər əzbəri olan tanınmış şairlərdən biridir.
Şəhriyar Allahyaroğlu 1998-2000-ci illərdə hərbi xədmətdə olub. 2001-2019-cu illərdə DİN-nin Xocalı RPŞ-də işləyib və oradan təqaüdə çıxıb. O, hazırda azad Xocalıda yaşayır və öz doğma yurdunda bənna kimi çalışır.
Fitri istedada malik Şəhriyar Allahyaroğlunun Xocalı nəfəsli, Vətən qoxulu şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.
ŞƏHİDLİK ARZUSU VAR
Qarabağı heç zaman verə bilmərik yada,
Bizləri qorxutmayır müharibə, qan-qada
Yatan vulkan oyanmış, artıq bütün dünyada-
Qarabağ mövzusu var.
Sancılacaq bayrağım Şuşanın dörd yanına,
Ordumuz qorxaqların qorxu salıb canına,
Qandan qorxan xainin, düşmənin öz qanına-
Boyanmaq qorxusu var.
Torpağından əl götür, dedim Azərbaycanın,
Mən uğrunda ölümə gedim Azərbaycanın,
Yeni Azərbaycanın, qədim Azərbaycanın-
Yenilməz ordusu var.
Qırmaq olmaz heç zaman qəlblərdə bitən eşqi,
Gəl bu eşqə tay tutma hər yoldan ötən eşqi,
O xalqı yenmək olmaz onda ki, Vətən eşqi-
Şəhidlik arzusu var.
QAÇQIN KİMİ ÖLMƏYƏK
Qaçqın sözü qəlbimi
Uşaqlığımdan sıxır.
Hara gedirəm bu söz
Mənim qarşıma çıxır.
Qaçqınlar olan bina,
Qaçqınların məktəbi.
Qaçqın sözü bu xalqın
El adəti, el dəbi.
Nə vaxtadək çəkəcəm
Bu bəlanı, bu dərdi.
Qaçqın sözü mənimçün
Ölümdən də betərdi.
Xocalıdı, demirsiz,
Barı deyin, qəribdi.
Qaçqın adlı bir yeni
Xalq əmələ gəlibdi.
Gəl gedək Qarabağa
Döyüşək, sağ gəlməyək.
Heç olmasa öləndə
Qaçqın kimi ölməyək.
VAXTIM NƏ GƏZİR
Dərd başımı elə qatıb
Gülməyə vaxtım nə gəzir,
Vaxt eləyib bir özümə
Gəlməyə vaxtım nə gəzir.
Sözüm tutmur hər adamla,
İşim yoxdu kür adamla,
Dərdlərimi bir adamla
Bölməyə vaxtım nə gəzir.
Yandırdıqca köz yaşımı,
Unutmuşam öz yaşımı.
Mənim qanlı göz yaşımı
Silməyə vaxtım nə gəzir.
Yoxuşlar var, enişlər var,
Yol yorğunu yerişlər var,
Var, bilməli çox işlər var
Bilməyə vaxtım nə gəzir.
Şəhriyar, dad qalıb nədə?
Yaz, qalmasın söz sinədə,
Bu ölməli zəmanədə
Ölməyə vaxtım nə gəzir.
ŞEİR VAR, ALLAH GÖNDƏRİB
Tanrı yerə çəkmək üçün
Şairləri ah göndərib.
Hər nə verib bas bağrına
Gör bir hansı şah göndərib.
Qəlb sevinə qəm qoymadı,
Sevincim qıyma-qıymadı.
Bir təbi də tam qıymadı
Gah saxlayıb, gah göndərib.
Qələm var ki, yolun azıb,
Qələm də var, qəbir qazıb.
Şeir var ki, qələm yazıb,
Şeir var, Allah göndərib.
Hazırladı: Mina RƏŞİD