Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
31 ildən sonra fərqli qeyd edilən doğum günü

0

  • Yeni ilin ilk yazısı. Yeni qələbələr, yeni nailiyyətlər inamı, xalqımıza düşərli, uğurlu olması diləyi ilə Xocalımızın əziz insanı Məmməd Nağıyev haqqında ürək sözlərimi yazıram. Qəhrəman şəhidlərimizə, Müzəffər Ordumuza, Ali Baş Komandanımıza minnətdarlıq hissi, bu günümüzə dönə-dönə şükürlər etməklə yazıma ruh verməyə çalışıram. Başımıza gətirilən müsibətləri, köçkünlük illərində çəkdiyimiz iztirabları gözlərimin qarşısına gətirə-gətirə bugünkü xoşbəxtliyimizə, başucalığımıza görə qəlbimdən fərəh hissi, dilimdən şükür sözü əsgilmir. Allah, çox şükür bu günümüzə. Şükür, Xocalımız, Xankəndimiz azaddır, suverenliyimiz bərpa olunub. Ən əsası düşməndən qisası ala bilmişik, murdar ayaqlarını, nəfəslərini torpaqlarımızdan təmizləmişik. Bundan gözəl, bundan dəyərli nə ola bilər ki, bizim üçün.
    Xocalı deyəndə yadımıza şəhidlərimiz, əsir və itkin düşənlərimiz, o müdhiş soyqırım gecəsi düşür. Xocalı deyəndə yadımıza qəhrəmanlarımız, mübariz döyüşçülərimiz düşür. Xocalı deyəndə həm də Xocalının mərd, torpağa bağlı, fədakar insanlarını xatırlayırıq. Nağıyev Məmməd Ağalar oğlu da belə insanlardan biridir. Məmməd Nağıyevin hərbi həkim kimi Birinci Qarabağ Müharibəsində xidmətləri, Xocalı soyqırımı zamanı sakinlərimizə köməklikləri barədə çox nümunələr çəkmək olar. O, Xocalını, xocalıları çox sevir. Elə xocalılar da Məmməd həkimi həmişə əziz tuturlar, ona dərin hörmət hissi bəsləyirlər. Xocalı soyqırımında sakinlərimizə köməklik etməsi, neçə-neçə yaralıları həyata qaytarması heç vaxt unudulan deyil. O, həmişə haqq yolunu seçib, edə biləcəyi işin arxasınca axıra kimi gedib. Bu yolda onun qarşısına maneələr, çətinliklər çıxsa da, öz peşəsini layiqincə yerinə yetirib. Düşmənə, nahaqq insanlara sözünü deməyi də bacarıb Məmməd həkim. Misal olaraq Volski hakimiyyəti dövründə Məmməd Nağıyevin başına gələn hadisələrdən birini danışmaq olar. Rusların tətbiq etdiyi “Komendant saatı” rejimi həkimlərin xəstələrə baxmağına maneə olurdu. Rus vəhşilərinin Bakıda törətdiyi Qanlı Yanvar faciəsindən bir qədər sonra - fevral ayının 13-ü gecə saat 24 radələrində Xocalıda fin evlərində yaşayan Hüsü kişinin 2 yaşlı ağır xəstə olan oğlu Əlzaminin (Əlzamin Əzimov hal-hazırda Xocalı rayon Meşəli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir) müalicəsi üçün çağırılan Məmməd həkim uşağın müalicəsini apardıqdan sonra evə qayıdarkən yolda rus komendantı maşını saxlatdırır və yoxlamağa başlayır. Komendant saatında xidmət apardığına inanmayan rus komendantı xəstəni göstərməyini istəyir. Xəstə uşağa baxdığı evdə stolun üstündəki ampulaları və uşağı yataqda gördükdən sonra bir daha çağırışlara getməmək üçün ona əmr verilir. Həmin vaxt gözlərinin qarşısına Bakı faciəsi, yüzlərlə oğul - qızlarımızın bu vəhşilər tərəfindən qətlə yetirilməsi gələn Məmməd həkim rus komendantına “yox, cənab komendant, sabah da, o biri gün də, sizin komendant saatınızın vaxtında məni xəstəyə baxmağa çağırsalar, mən yenə də gedəcəm, xəstəyə də baxacam. Ona görə ki, mənim canım siz rus və erməni hərbiçilərinin Bakıda qətlə yetirdiyi yüzlərlə oğul - qızlarımızın, həmçinin o həkimlərin canından artıq deyil. Əlbəttə, bu söz mənə Məmməd Nağıyevə baha başa gəlir. Əsgəranda 3 gün müddətinə kamerada saxlanılan qorxmaz həkimə cəzalar verilir.

    Xocalı soyqırımında yaralanmış körpə uşağı xilas etməsi üçün özünü gülləbaranın altına atması Məmməd Həkimin qorxmazlığından, insansevərliyindən, öz peşəsinə sadiqliyinindən xəbər verir. Həmin körpənin fəryadına hay verərkən erməni quldurları tərəfindən əsir götürülən Məmməd Nağıyev erməni quldurları tərəfindən əsir götürülür. Əsirlikdə çəkdiyi işgəncələr, həm də gözləri qarşısında həmyerlilərinə edilən vəhşiliklər onun qəlbini, ruhunu dərindən yaralayır. Əsirlik həyatında da girovlara ümid yeri, yaralarına məlhəm olur. Məmməd həkim bu taleyüklü günü acı xatirələrlə yada salır: “Hətta deyə bilərəm ki, bu faciə bir an olsa belə ağlımdan çıxmır. O dəhşətli günlərdə - fevralın 25-dən 26-na keçən gecə saat təxminən 4 radələrində buz kimi Qarqar çayını keçib Ağdama tərəf üz tutduq. Biz 150 nəfər olardıq. Çox dəhşətli günlər idi, sanki Allahın da bizə qəzəbi tutmuşdu. Soyuq bıçaq kimi kəsirdi. Əli-ayağı yalın adamların çoxu donmuş və ya taqətdən düşmüşdü. Erməni cəlladları isə meşədə bütün yolları kəsmiş, camaata qarşı hər cür vəhşiliklər edirdilər, alçaqcasına qocaya, cavana, qadına, uşağa, hamilə qadınlara belə fərq qoymadan - hamıya atəş açırdılar. Ermənilər insanların çığırtısına, bağırtısına əhəmiyyət vermirdilər. Xocalıları son nəfərinə qədər öldürüb qurtarmaq istəyirdilər.
    Çox əzab-əziyyətdən sonra fevral ayının 27-də Dəhrəz kəndi yaxınlığında ermənilərlə qarşılaşdıq, atışma başladı. Biz yaxınlıqdakı dərəyə doluşduq, buradan əks tərəfdəki meşəyə keçməyə başladıq. Bu zaman məndən qabaqda anası ilə gedən 10 yaşlı uşağı vurub yaraladılar. Mən uşağın yarasını sarımaq üçün ona tərəf süründükdə ermənilərin atdığı güllə başımdakı papağın dimdiyini deşib keçdi. Buna baxmayaraq, bir az gözləyib yenidən uşağa doğru sürünüb onun yarasını sarıdım. Atəş artıq kəsilmişdi. Belə ki, bizim dəstədəkilər atışmanın mənasız olduğunu görüb təslim olduqlarını bildirmişdilər. Həmin vaxt mən onlardan aralananda iki nəfər avtomatlı məni gözləyirdi və deyirdilər ki, həkim, gəl təslim ol. İstəsəm, çıxıb gedə bilərdim, lakin bir tərəfdən yaralı uşaq, digər tərəfdən bir o qədər qadının, uşağın, qocanın əsir düşməsini və onların içərisində neçə-neçə yaralının, əl-ayağı donmuşların olduğunu nəzərə alıb, onları bu vəziyyətdə qoyub getməyə mənim mənəvi haqqımın olmadığını düşündüm. Ona görə də yaralı uşağı götürüb camaatın yanına qayıtdım”.
    Əsirlikdə olarkən ağır yaralanmış 7 nəfərin qanaxmasını dayandıran soyqırım şahidi deyir ki, əsir götürüldükdən sonra ermənilər bizi böyük bir otağa yığıb üstümüzdə olan bütün qiymətli şeyləri (pul, qızıl və sair), hətta ağızlarında qızıl dişləri olanların qızıl dişlərini belə adi kəlbətinlə çıxarıb ağlasığmaz əzab-əziyyətlər verirdilər. Biz əsir düşdükdən təxminən bir saat sonra beş-altı erməni dığası dəli kimi içəri daxil oldular. Onlardan birinin bizimkilər tərəfindən öldürüldüyünü bildirdilər və onun əvəzində içimizdən 13 nəfər seçib çıxardılar və onları güllələdilər. Bizim dəstədə olan türk oğlanın - Əhmədin başını kəsib futbol topu kimi oynatmağa başladılar. İki nəfər erməni içəri girib bizi saxladıqları otaqdan çıxardılar və avtomatın qundağı ilə vuraraq bizim dəstədə pulemyotun kimdə olduğunu soruşdular. Onun kimdə olduğunu bilmədiyimi dedikdə məni təpik və yumruqla döyməyə başladılar. Dedilər ki, 15 dəqiqədən sonra səni yenidən çıxarıb cavab istəyəcəyik, əgər deməsən başını kəsəcəyik. Təxminən 20 dəqiqədən sonra məni yenidən içəridən çıxarıb cavab verməyimi tələb etdilər. Yenidən “bilmirəm, həkim adamam, doğrudan bilmirəm” dedim. Onlar isə dəli kimi məni yenə avtomatın qundağı ilə vurub yerə yıxdılar. Cibindən iri bıçağı çıxaran erməni sinəmə çökdü, başımı kəsmək istədi. Bu an bir maşın onlara yaxınlaşdı, içərisindən iki nəfər mülki geyimli adam yerə düşüb onlara nə dedisə, məni yerdən qaldırıb camaatımızın içərisinə qaytardılar. Sonradan öyrəndik ki, həmin iki nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi imiş. Mənim sağ qalmağıma səbəb o iki nəfər oldu. Dilə gətirə bilməyəcəyim dərəcədə əzab-əziyyətlərdən sonra bizi dəyişib əsirlikdən azad etdilər.

    Məmməd Nağıyev uzun illər Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş hakimi kimi öz doğma xocalılarına xidmət edib. Onun fəaliyyətindən, insanlara münasibətindən narazılıq eşidilməyib. “Azərbaycan Bayrağı” ordenli, “Əməkdar həkim” fəxri adına layiq görülmüş cəsur və fədakar həkimlə bütün xocalılar fəxr edir.

    Yanvar ayının 1-i Məmməd Nağıyevin doğum günüdür. Budəfəki doğum günü bütün doğum günlərindən fərqlidir Məmməd həkim üçün. 31 ildən sonra ilk dəfədir ki, yeni ili, həm də doğum gününü, ömrünün 71-ci ilini əsl sevinc, xoşbəxtlik, qürur hisləri ilə qeyd edir. Çünki qeyrət qalamız, arzular şəhərimiz olan Xocalı artıq azad nəfəs alır, şəhidlərimizin ruhları da şaddır. Xocalının azadlığı ilə mənən daha rahat olan Məmməd Nağıyevin ən müqəddəs arzusu yerinə yetdi. 2022-ci il may ayının 12-də V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalında birgə iştirakımızda Məmməd Nağıyevin “belə gözəl tədbirlər inşallah yaxın zamanda Xocalımızda da təşkil edilər” arzusu real oldu.

    Gözünüz aydın, Məmməd həkim, ən böyük arzunuza qovuşdunuz. Siz xoşbəxt insansınız ki, bu qədər sevilirsiniz. Bəxtəvər insansınız ki, Xocalının azadlığını gördünüz, bu sevinci yaşadınız. Sizi ürəkdən təbrik edir, sizə ailə üzvlərizlə birlikdə doğma Xocalıda uzun ömür, sağlam həyat və xoşbəxt günlər arzulayırıq.

    Qalib BƏYMƏMMƏDOĞLU
    “Xocalının səsi” qəzetinin redaktoru
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi10 ay öncə
    İzlənib430 dəfə
    31 ildən sonra fərqli qeyd edilən doğum günü

    Maraqlı gələ bilər
    75
    52
    44