ABŞ-də 90 yaşlı Texas sakini Minni Peyn fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsi alıb.
xocalininsesi.az oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ-nin yerli mətbuatında məlumat yayılıb.
Minni Peyn 1950-ci ildə orta məktəbi bitirdikdən sonra qısa müddət ərzində kollecdə oxuduğunu və sonra oranı tərk etdiyini bildirib. Lakin qadın 68 yaşında təqaüdə çıxanda təhsilini davam etdirmək istəyib.
Peyn Texas Qadın Universitetinə daxil olub və burada üç jurnalistika kursu keçib.
"Mən həmişə sözlə işləmişəm və yazmağı sevmişəm. Mən daha da təkmilləşmək istəyirdim", - deyə 90 yaşlı qadın bildirib.
Minni ali təhsil diplomu alıb, lakin bununla kifayətlənməyib. 90 yaşında o, fənlərarası tədqiqatlar üzrə magistr dərəcəsi alıb.
"Biz "ömürboyu öyrənmək" terminindən istifadə edirik, lakin Minni bunu həyatda nümayiş etdirir. Onun əzmkarlığı bizi heyran edir. Onun məqsədi bu dərəcəni əldə etmək idi", - deyə qadının təhsil aldığı universitetin əməkdaşı bildirib.
Təqaüdçü isə artıq təhsilini tamamlanmış hesab etmədiyini bildirib.
"Mən öyrənməyə davam etmək istəyirəm", - deyə o bildirib.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/world/1168315.html