Xocalının ilhaqına bir neçə ay qalmış rayon rəhbərliyi və əhalinin “yuxarılara” vurduqları teleqramlar, etdikləri saysız-hesabsız müraciətlər cavabsız qaldı. Yalançı, aldadıcı vədlər verildi. Nəticədə əhali kütləvi qırğına məruz qaldı.
“Xocalı soyqırımı” zamanı respublikanın bütün mətbuat orqanları ağzına su almışdı. Haray salıb, səs qaldıran, faciəni bütün dünyaya çatdıran “Qarabağ” və “Səhər” qəzetləri oldu. Soyqırımı haqqında məlumat və informasiyaların yasaq olduğu vaxt, “Qarabağ” qəzeti 5 mart 1992-ci il tarixdə “Əsrin faciəsi”, “Xocalı soyqırımı” adlı yazı ilə çıxış etdi. Eyni zamanda “Xocalının səsi” qəzeti də faciəni əks etdirən xüsusi buraxılış hazırlayaraq respublika miqyasında yaymağa müvəffəq oldu.