Bülbülün xoş nəğməsisən,
Cabbarın zil, bəm səsisən
Gül-çiçəklər guşəsisən,
Bağça-bağım
– Qarabağım!
İgidlərin ad-sanısan,
Ürəklərin dastanısan,
Azərbaycan övladısan,
Gözəl çağım
– Qarabağım!
Ocağının közü mənəm,
Çöllərinin düzü mənəm,
Çeşmələrin gözü mənəm,
Ucalığım
– Qarabağım!
Sal qayanı öpüm sənin,
Keşiyini çəkim sənin,
Köksünə gül səpim sənin,
Çil-çırağım
– Qarabağım!
Harda olsam ürəyimsən,
Arzu-ümid, diləyimsən,
Bükülməyən biləyimsən,
Od-ocağım
– Qarabağım!
Qasım QIRXQIZLI