Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ağdam məscidi Xocalı camaatının ümid yerinə və ümidlərinin öldüyü yerə çevirilmişdi

10/5

  • Atamın məzarının olması üçün Allaha dua edirdim.
    Dünən növbəti dəfə Xocalı soyqırımı zaman işgəncə verilərək qətlə yetirilən Xocalı və Xankəndi sakinlərinin kimlikləri məlum oldu. İnsanların sağalmayan, qaysaq bağlamayan yaraları yenə al qana boyandı. Adam bilmir, kədərlənsin, yoxsa sevinsin. Çünki insanlar bir daha o günləri xatırladı, eyni zamanda azsayda olsa da Xocalı sakininin gözü yollardan yığışdı..
    Allah rəhmət eləsin, deyimi belə bu ailələrə demək üçün yetərli deyil. 32 il itkin düşmüş doğmasını gözləyən, bu ümidi içində 32 il yaşadan insanlara bu deyim azlıq edir, deyə düşünürəm. Onların keçirdiyi hissləri onlardan başqa heç kim bilə bilməz.
    Mən bu hissi 57 gün əsir qalan atamın və əmim oğlunun yolunu gözləyəndə yaşamışam.
    Atam - Hacıyev Qənahət Məhəmmədəli oğlu və əmim oğlu - Hacıyev Tahir Hacı oğlu da Xocalı soyqırımı zamanı əsir düşmüşdü. Tahir hələ də 32 ilin itkinləri arasındadır.
    57 gün Ağdam Xalq Cəhbəsinin Qərərgahının qarşında olmaq çox acı xatirlər yaratdı məndə. Mən bu qərargahın qarşısında dəfələrlə heç olmasa atamın məzarının olmasını arzulamışam...
    Bura xocalılar üçün doğma məkana çevirilmişdi. Sanki əsirlikdən gələn doğmalarımızı, onların ruhsuz bədənlərini gözləməyə yox, bir-birimizin yaralarını sarımağa yığışmışdır bu məkana. Qərargahın qarşısında özümüzə yeni qonşular, tanışlar tapmışdıq. Səhər saatlarında kimisə qərərgahın qarşısınada görməyəndə soraqlaşırdıq, narahat olurduq ki, görəsən niyə görə gəlməyib? Bəlkə başına bir iş gəlib, bəlkə xəstələnib, bəlkə gecə əsiri qayıdıb, bəlkə, bəlkə, bəlkə... Əslində xocalıların başına qərərgahın qarşısında oturmaqdan ağır heç nə gələ bilməzdi. O zaman heç bir xocalılının qərərgahın qarşısına gəlməkdən vacib işi ola bilməzdi..
    Doğmasını gözləyən insanların itkini qayıdan insanların qərargahın qarşısını tərk edən zaman aralarındakı dialoqu sözlə ifadə etmək mümkün deyildi. Biri gözaydınlığı verir, digəri təsəlli. Biri gülür, digərinin içi qan ağlayır. Hətta itkini qayıdan insanlar belə rahat sevinə bilmirdilər. Axı ətrafdakı insanlar hələ də itkin yolu gözləyirdilər. Qərargahın qarşısında qalanların əsirlikdən qayıdan doğmasını və ya doğmasının ruhsuz bədəni ilə tərk edənlərin arxasınca necə həsrətlə baxmasını hələ də unuda bilmirəm.
    İnsanların maşınların yük yerində gələn ruhsuz bədənləri arasında doğmalarını axtarması adi hala çevirilmişdi.
    Doğmalarının ruhsuz bədənini tapan şəxsə hamı növbə ilə gözaydınlığı verirdi. Sanki hamı o şəxsin dilindən "sənin də itkinin qayıtsın", cümləsini eşitmək istəyirdi.
    İnsanlar o qədər tükənmişdi ki, ən böyük arzuları doğmalarının qayıtmasından çox, heç olmasa məzarının olması idi. Çünki ağlamağa, üzlərini söykəyərək içlərini boşaltmaq üçün baş daşının olması şərt idi...
    İnsanın gözünün yollardan qalması qədər ağır bir hiss yoxdur həyatda. Həsrət adamı tədricən bitirən bir hissdir. Bunu bütün xocalılar yaşayıb.
    Ağdam məscidi xocalıların ümid yerinə, həm də ümidlərinin öldüyü yerə çevirilmişdi.
    Adamlar ruhsuz canları gətirən maşınların arxasınca məscidə doğru elə qaçırdılar ki, sanki doğmaları ilə qovuşacaqdılar. Qovuşurdular da, ancaq ruhsuz bədənlər ilə. Bu belə, onları xoşbəxt edirdi...
    Elə bu səbəbdən, doğmalarının qalıqları tapılan xocalılara gözaydınlığı verirəm!
    Başınız sağ olsun, xocalılar! Başın sağ olsun, Xocalı!
    Mübariz Hacılı,
    17 mart 2024-cü il
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı soyqırımı
    Yerləşdirdi
    Yerləşdirildi8 ay öncə
    İzlənib252 dəfə
    ağdam məscidi xocalı camaatının ümid yerinə ümidlərinin öldüyü yerə çevirilmişdi

    Maraqlı gələ bilər
    16
    41
    55