Mayın 20-si Antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalan Məmmədov Samir Aqil oğlunun doğum günüdür. Şəhidimizin doğum günündə Xocalı rayon İcra Hakimiyyəti Aparatının məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidimizin təhsil aldığı Xocalı şəhər 5 saylı tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi tərəfindən Ağcabədi Şəhidlər Xiyabanında uyuyan şəhidimizin məzarını ziyarət edildi. Şəhidimizin məzarı üstünə gül dəstələri düzüldü, ruhuna dualar oxundu.
Bildirildi ki, 20 may tarixində 24 yaşı tamam olan Samir Məmmədov Sentyabrın 27-də başlayan Vətən müharibəsində
tankçı kimi iştirak edib. Onun döyüş yolu Talış, Suqovuşan kəndləri və Ağdərə
istiqamətində olub. Müddətdən artıq həqiqi hərbi xidmətə bir neçə aydır başlamasına baxmayaraq, cəsur
döyüşçümüz öz hünəri ilə fərqlənib. Şanlı zəfər tarixinə adını yazdıran Samir
Məmmədovun idarə etdiyi tank üç dəfə vurulsa da, ona verilən döyüş tapşırığını
sona qədər yerinə yetirib. Artıq tankının idarə edilməsinin mümkün olmadığını
görən qorxmaz döyüşçü avtomatı əlinə alaraq irəli atılıb. Samir Məmmədov 44
günlük haqq savaşımızda xidmətlərinə görə Cənab Prezidentin müvafiq Sərəncamına
əsasən, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilib.
Samir qabaqda
torpaqlarımızın suverenliyi uğrunda hələ bir döyüşünün də olduğunu bilirdi.
Çünki Xocalı soyqırımında şəhid olan atasının bibisi qızı, bibisinin iki
nəvəsinin ruhları Xocalının düşmən tapdağından tamamilə təmizlənməsi ilə
rahatlıq tapacaqdı. Onun döyüş yolunun əsas qayələrindən biri döyüş meydanında
Xocalı qisasını almaq idi. Samir sentyabrın 19-da başlanan antiterror
tədbirlərinin onun qisas arzusunun həyata keçməsi üçün bir imkan sayırdı. Qalib ordunun qalib əsgəri daha bir döyüşdən zəfərlə çıxmaq üçün
budəfəki döyüş tapşırığını da layiqincə yerinə yetirməyə hazır idi. Hədəf,
amal bəlli idi: terrorçuları torpaqlarımızdan təmizləmək, bayrağımızı azad
torpaqlarımızda dalğalandırmaq və suverenliyimizi bərpa etmək.
Antiterror tədbirlərində
Samir Məmmədovun döyüş yolu Ağdərə döyüşləri ilə başladı. İgid tankçımız
verilən tapşırıqları məharətlə yerinə yetirərək terrorçulara sarsıdıcı zərbələr
endirdi. Pusquda dayanan mənfur düşmənin atdığı tank əleyhinə raketlə Samirin döyüş apardığı tank partladılaraq yandırıldı. O, digər tankçı
yoldaşları ilə birlikdə şəhidlik zirvəsinə ucaldı. Sentyabrın 29-u DNT
analizinin cavabına əsasən, şəhidimizin cənazəsi son mənzilə salınması üçün
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşadığı evə gətirildi. Şəhid
Samir Məmmədov izdihamla Vətən müharibəsində şəhid olan bibisi nəvəsi Miriyev Sənan
Arif oğlunun torpağa tapşırıldığı Ağcabədi Şəhidlər Xiyabanında dəfn edildi.
Qəhrəmanlıq salnamələrində adı cəsur tankçı kimi tarixə yazılan Samir Məmmədov xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Ruhu şad olsun.