Qəlbim oyula-oyula
Gen yollara baxdım... baxdım...
Məni sənə kim aparar?
Göz yaşımı daşa sıxdım...
Qəlbimdə əsən yellərdən
Ümidim sınar, üşüyər.
Bizi birgə kim əyərdi?
Üstümə dağlar yeriyər.
O gülən, nurlu gözlərdə
Bilirəm, yenə göyçəyəm.
Sən qərib, ellər didərgin,
Mən don vurmuş göyçiçəyəm.
Bu şeiri nə vaxt yazdığım yadımda deyil. Amma yadımda qalan odur ki,
həmin gün sanki hər tərəf boz idi, həsrətli, sıxıntılı anlar idi. Onda hələ
gənc, deyilənə görə, gözəl bir qız idim. Amma indi təəssüf edirəm ki, o
vaxt bunun fərqində deyildim... Nədən? Qəlbim çox yaralanmışdı, 1992-
ci ildə Ağdamın Qiyaslı kəndində o ikimərtəbəli, eyvanını qıpqırmızı
qızılgüllər qucaqlamış evimiz, o bənövşəsi xalı kimi yerə döşənmiş
bağçamız düşmənə qalmışdı. Hələ bu azmış kimi qoçaqlıqda kənddə adı
misala dönən atam Rəşidin tikdirdiyi, o el diliylə desək, topdağıtmaz
evində, o güllü bağçasında günahsız qanı tökülmüşdü...
Yaxşısı budu qoy həyat hekayətimizi başdan danışım.
1992-ci ilin aprel ayı... Artıq bir neçə il idi ki, erməni hərbi
birləşmələrinin kəndimizə atdığı mərmi səsləri ilə sabahlarımızı açır,
gecə də güllə səsiylə yuxuya gedirdik. Kəndimizdə o qədər yaralananlar
var idi ki, hələ öldürülənləri demirəm... Bir çox ailələr bu aqibəti
yaşamasınlar deyə yavaş-yavaş evlərini tərk etsələr də, biz özümüzə
bənzəyən adamlarla hələ də kəndə keşik çəkirdik.
1992-ci ilin yazı, aprelin 12-si idi. Düşmən mərmiləri dolu kimi kəndə
yağırdı. Vəziyyət çox ciddi, qorxulu bir hal almışdı. Həmin anlarda
anam həmişə bizi sığınacaq kimi evimizin alt mərtəbəsinə çağırardı. Bu
dəfə gurultudan biz heç bir yerdə qərar tuta bilmirdik. Hamımız deyirdik
ki, daha bəsdi, atam gələn kimi kəndi tərk etməliyik. Atam Ağdam
Cümə məscidinə getmişdi... Elə mərmi yağışının altında bir də gördük
qapını açıb içəri keçdi, əvvəlcə heç nə başa düşmədik, tezliklə onun
qarın nahiyyəsindən yaralandığını gördük. Atamı o böyük evimizin
geniş eyvanında yerə uzatdıq, yarasından axan qanı heç cür dayandıra
bilmirdik. Məndən böyük bacılarım əllərindən gələni edirdilər, amma
qan dayanmırdı ki, dayanmırdı. Bacım Samaya yaxınlıqda yaşayan uzaq
qohumun oğluna ərə getmişdi. Qucağında körpəsi atamın başına fırlandı,
dedi, nə dərdi-bəlası var, mənə gəlsin. Atam bizə çox əziz idi, həm el-
obada abırlı, xətir-hörmətli, həm də ailəsinə canı yanan, min bir
əziyyətlə 11 uşaq (bir bacım 9 yaşında vəfat edib) saxlayan bir kişi
olmuşdu... Atamın yarasından axan qan indi də gözlərimin
qarşısındadı... O gün ailədə hamımızın yaddaşına yazıldı.
Sonra atamı vertalyotla Gəncəyə apardılar.. Anam da atamla
xəstəxanada qalırdı, biz isə 10 gündən çox idi ki, Sabirabadda qohum
evinə sığınmışdıq. Bir gün qəribə yuxu gördüm, yadımda deyil, amma
atamın şəhid olduğunu hiss eləmişdim... Elə o gün bir qohum gəlib bizi
evimizə gətirdi, amma atamızın dünyasını dəyişdiyini demədi. Yolda
ürəyim sıxıldı, maşını çayın üzərində saxladılar...
Evimizə yaxınlaşanda o şabalıdı rəngli, yanında dağdağan ağacı olan
böyük darvazamızı taybatay açıq gördüm... Evimizin böyük ölçülü, o 12
pilləkənini necə çıxdığımız yadımda deyil, amma atamın cənazəsinin
qonşu qadınların əhatəsində olduğu həmişə yadımdadı. Onda mənim 19,
bacımın 14 yaşı vardı, ikimiz də elə bil heykələ dönmüşdük, səsimiz
içimizə çökmüş, için-için ağlayırdıq. Kəndin simsiz teleqraflarından
olan bir qadın yadımdadı, bizə irad tutmuşdu ki, niyə üz-gözümüzü
cırıb, qışqır-bağır salmırıq. O qadın haradan biləydi ki, bizim içimizdəki
qışqırığın səsi ona heç vaxt çatmaz...
Atamı, el içində xətirli-hörmətli bir insan kimi, nənəm demiş, urvatlı bir
şəkildə Qiyaslı qəbiristanlığında dəfn elədilər. Baş daşında mənim bir
bənd şeirim də həkk olunmuşdu...
Atamdan sonra kənddən dəfələrlə mərmi yağışı altında qaçıb başqa
yerlərə sığınmışdıq. Amma sonra yenə də qayıdıb evimizə gəlirdik. Bir
dəfə qonşu kənddə yaşayan uzaq qohumun evində gecələdikdən sonra
yenidən evimizə döndük. Anam qapını açan kimi əyilib torpağı öpdü.
Onda mən bunun nə demək olduğunu yaxşı dərk edə bilməmişdim...
Amma sonra anam Bərdədəki dəmir vaqonda, “Ağdamın havasını
buradan alıram”, deyə Bakıya gəlməyəndə bunu anlamağa başladım.
Sonra yayda od tutub adamı yandıran, qışda soyuğu ilan kimi körpələri
çalan bu dəmir evdə anam can verəndə, qəbri atamdan ayrı düşüb
qəriblikdə dəfn ediləndə anladım. Daha sonra isə ayağıyalın, başıaçıq
tikanların üstüylə qərib şəhərdə yetim, kimsəsiz addımlayıb ən böyük
arzuma doğru yüyürəndə, bəzən ac-susuz tələbəlik həyatı yaşayanda və
Müharibə əlili olmuş 18 yaşlı qardaşım Talib və doğru-düzgün orta
təhsilini başa vura bilməyən sonbeşiyimiz, bacım Gülüzarla Bakıda
yataqxanada başımıza çirkli su töküləndə bunu anladım...
... Amma yaşadığımız ağrı-acını Ali Baş Komandanımız, Müzəffər
Ordumuz, müqəddəs şəhidlərimiz və qəhrəman qazilərimiz bizə
unutdurdular, torpaqlarımızı, kəndimizi özümüzə qaytardılar.
Bu il kəndimizin təməli qoyulanda biz də sanki yenidən dünyaya gəldik.
Ata-anamın da ruhu şad oldu, bilirəm. Düzdü, atamın Qiyaslı
qəbiristanlığında başdaşını, qəbrini də düşmən dağıtmışdı. Amma bu
günlərdə müharibə veteranı, bədənində 30 illik qəlpələri daşıyan, buna
görə də çəliklə güclə yeriyən, məndən iki yaş böyük qardaşım Nəsib
atamın qəbrini tapıb və ona yeni “həyat” verib. Anamın hələ o işğal
dövründə adını Hünər qoyduğu qardaşımın balası atamın məzar
daşındakı şəklini bu günlərdə mənə göndərib. Elə bu yazını yazmağımın
səbəbi də atamın yenidən bizə qaytarılan qəbri, onun məzar daşıdı...
Şair bacım Bəsti hələ ötən həftədən atamız haqqında yazmağı məndən
istəsə də özümü toplayıb bircə cümlə yaza bilməmişdim. Amma ürəyim
dolu imiş, hamımızdan, başımıza gələnlərdən, müharibənin necə dəhşətli
bir şey olduğundan yazdım nəhayət ki...
İndi dünyanın o başında olsa da, harada bir uşağın atası, anası öldürülür,
elə bilirəm ki, o uşaq mənəm, bacımla qardaşımdı... “Ulduz” jurnalının
şöbə redaktoru, əziz dostum Hicran Hüseynova deyir ki, yazılarında
sülhü tərənnüm etdiyin üçün mən sənə Nobel mükafatını verərdim.
Düşünürəm ki, əgər bir gün müharibə sözü lüğətdən belə silinsə onda bu
mənim ən böyük mükafatım olar. Təki heç bir uşaq gözüyaşlı qalmasın...
Müharibə sözünü
Görüm qar, çovğun alsın.
Qar yağsın, qoy silahlar
Qarın altında qalsın...
Mina RƏŞİD