Yazıçılar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən icra olunan “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihənin tədbirlər silsiləsindən növbəti dəyirmi masa keçirilib.
Tədbirdə İctimai Birliyin sədri Dəyanət Osmanlı layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, müasir dövrdə Türk dünyası ölkələrində yaranan bədii əsərlər arasında qəhrəmanlıq motivli mətnlər, kitablar əhəmiyyətli dərəcədə artmışdır: “Xüsusilə də Türk Dövlətləri Təşkilatı yarandıqdan və Azərbaycanın Qarabağı erməni işğalından azad etməsindən sonra qardaş ölkələrin yazarları öz yaradıcılıqlarında qəhrəmanlıq mövzusuna daha geniş yer ayırmış, bir sıra maraqlı əsərlər yazmışlar. Bu gün həmin əsərlərin təbliğinə və kitab halında ictimaiyyətə çatdırılmasına ehtiyac vardır ki, bu da türk xalqları arasındakı qardaşlıq bağlarının dərindən öyrənilməsinə, mökəmlənməsinə yönəlik bir addımdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin milli-mənəvi dəyərlərimizin və maddi-mədəni irsimizin, milli maraqlarımızın qorunmasına istiqamətlənmiş belə layihələrə dəstək verməsi təqdirəlayiq haldır”.
Təbirin aparıcısı, tədqiqatçı-alim, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, şair-publisist Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin qardaş türk ölkələrinin ədəbi-mədəni əlaqələrinin inkişafında, yazarlar arasında ortaq dəyərlər, fikir, düşüncə mübadiləsində, mədəni sferadakı həmrəylik, birlik təşəbbüslərindən bəhs edən layihənin dayanıqlılıq amillərini, problemin aktallığını və təsirliliyini diqqətə çatdırıb.
Qeyd olunub ki, layihənin işçi heyəti kitabxana, media və digər internet resurslarında aparılan çalışmalarda əldə olunan, habelə birliyin əməkdaşlıq etdiyi uyğun elmi, ictimai qurumların və yazarların fərdi şəkildə təqdim etdiyi əsərləri toplamışdır. Nəticə etibarilə Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, habelə Güney və Qərbi Azərbaycandan, Rusiyadan və Gürcüstandan olan 80-dək müəllifin 300-dək poeziya materialları üzərində araşdırma işi aparılıb, keçirilən tədbirlər vasitəsilə müzakirələrə və təbliğata cəlb edilib.
Tədbirdə alim-yazarlardan Gülxani Pənah, Rasim Süleymanov, Nailə Mehrəliyeva, Salatın Əhmədli, BDU-nun doktorantı, Afaq Məmmədova, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Azərbaycan Yazıçılar Birliyinin poeziya sektorunun müdiri, şair İbrahim İlyaslı, şairlərdən Gəray Göyyurd, Paşa Babakərli, Zərəngiz Dəmirçiqayalı, İbrahim Yusifoğlu, Mina Rəşid, Cabir Albantürk və digərləri layihənin ideyasına, gələcək fəaliyyətinə, məqsədlərinə dəstəkçi təkliflərlə çıxış ediblər.
Layihənin icrasında könüllü iştirak edən BDU-nun tələbələrindən Umcahan Əliyeva, Zeynəb Əzimzadə və Günay Həsənova qəhrəmanlıq əsərlərindən nümunələr səsləndiriblər.
Sonda müəlliflərə və layihənin heyət üzvlərinə diplomlar verilib.
Hazırladı: Mina RƏŞİD