Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirildi.
Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar onun Avrasiya məkanında regional enerji mərkəzinə və etibarlı tərəfdaşa çevrilməsinə zəmin yaratmışdır. Enerji məsələləri ilə bağlı tədbirlərin mütəmadi olaraq Bakıda keçirilməsi bunun təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin budəfəki tədbirdə də iştirakı və dolğun nitqi Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu mövqenin nə qədər önəmli və əhəmiyyətli olduğunu bir daha sübut edir.
Ölkə rəhbəri qeyd etdi ki, hazırda Avrasiyada yaşanan geosiyasi vəziyyət Azərbaycanın gördüyü işlərin nə dərəcədə düzgün olduğunu göstərir.
Xəzər dənizinin Azərbaycan sektorunda yeni nəhəng qaz ehtiyatlarının aşkarlanması, Avropaya qaz təchizatımızın coğrafiyasının genişlənməsi ötən il ərzində enerji sektorunda əldə olunan uğurlardandır.
Dövlətimizin başçısı nitqində Azərbaycanın “yaşıl enerji”yə keçid prosesində fəal iştirak etdiyini, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, ölkəmizdə ilk böyük Günəş Elektrik Stansiyasının açılışının reallaşdığını da diqqətə çatdırdı.
Bu gün Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Bu isə qarşıdakı 100 ildə də Azərbaycanın karbohidrogen ehtiyatlarının etibarlı təchizatçısı kimi tanınmasına imkan verir.
Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra da Avropa üçün etibarlı tərəfdaş olsun.
Cənab Prezident nitqində sözügedən dəhlizin fəaliyyətini yüksək dəyərləndirərək onun artıq üç ildir ki, fəaliyyət göstərdiyini bildirdi : “ Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir”.
Həqiqətən də, bu gün Azərbaycan Avropanın enerji təminatında önəmli rol oynayır. İqtisadiyyatı sürətlə inkişaf edən ölkəmiz Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da reallaşdırmaqla əhəmiyyətli addımlar atır.
Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla bərabər, iqtisadi inkişafının daha da sürətlənməsinə , dünya bazarına çıxışının genişlənməsinə , davamlı əməkdaşlığın, təhlükəsizliyin və tərəfdaşlığın möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsirini göstərəcəkdir.
Zülfü Quliyev,
Xocalı rayon ziyalısı