2024-cü il Azərbaycan idmanı üçün böyük nailiyyətlər və tarixi uğurlarla yadda qalmışdır. Ölkəmizin idmançıları beynəlxalq yarışlarda 1700-ə yaxın medal qazanaraq Azərbaycanı idman dövləti kimi bir daha təsdiqləmişlər. Bu nailiyyətlər həm idmançılarımızın əzmkarlığını, həm də dövlətin bu sahəyə göstərdiyi davamlı dəstəyi nümayiş etdirir.
İlin ən böyük idman hadisəsi, şübhəsiz, Yay Olimpiya Oyunları olmuşdur. Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildən bu mötəbər yarışda iştirak edir və 2024-cü ildə ən yüksək nəticəyə imza atmışdır. Olimpiya Oyunlarında Azərbaycan komanda hesabında 30-cu yerə yüksəlmişdir ki, bu da iki yüzdən çox ölkə arasında böyük nailiyyətdir. Müsəlman ölkələri arasında üçüncü yeri tutmaq isə ölkəmizin idman sahəsindəki mövqeyini daha da möhkəmləndirmişdir. Azərbaycan idmançıları iki qızıl, iki gümüş və üç bürünc medal qazanaraq xalqımızı qürurlandırmışdır.
Prezident İlham Əliyev mərasimdə qeyd etmişdir ki, Azərbaycan idmançıları qələbələri ilə xalqımızı sevindirməyə davam edir və gələcək yarışlarda da uğur gözləntiləri böyükdür. İdmanın inkişafı üçün bütün lazımi tədbirlər görülməkdədir. Bu inkişaf siyasəti yalnız idman uğurlarının artırılmasını deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini təmin edir. Fiziki və mənəvi hazırlıq dövlətin diqqət mərkəzindədir. Azərbaycan idmançılarının davranışı, məişət və cəmiyyətdəki nümunəvi mövqeyi gənclərə örnək təşkil edir.
Hazırda ölkədə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bu komplekslərdə yeni nəsil idmançıların yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrində idman infrastrukturunun qurulması isə xüsusi əhəmiyyət kəsb edir. Ağdam şəhərində beynəlxalq standartlara uyğun yeni stadionun inşası, Füzuli şəhərində Olimpiya Kompleksinin təməlinin qoyulması və Suqovuşan su anbarında beynəlxalq avarçəkmə yarışlarının keçirilməsi bu sahədəki genişmiqyaslı işlərin bir hissəsidir. Şuşada və Xankəndidə təşkil olunan idman tədbirləri isə azad edilmiş ərazilərdə həyatın dirçəlməsinin rəmzi göstəricisidir.
2025-ci ildə Azərbaycanda keçiriləcək MDB Oyunları ölkəmizin idman sahəsində daha bir əlamətdar hadisə olacaq. Bu tədbir üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcəkdir. Bu məqsədlə Gəncədə yeni stadion inşa edilir, şəhərin infrastrukturu yenilənir. MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir ki, bu da ölkəmizin böyük təşkilatçılıq potensialını bir daha nümayiş etdirəcək.
Prezident İlham Əliyev idmançıların dövlət tərəfindən təltif edilməsinin davam edəcəyini vurğulamışdır. Onun sözlərinə görə, idmançılara göstərilən diqqət və qayğı idmanın inkişafının əsas amillərindəndir. Dövlətin idmana dəstəyi ədalətli qiymətləndirmə və mükafatlandırma sistemi ilə müşayiət olunur ki, bu da ölkədə idmanın daha geniş yayılmasına şərait yaradır.
2024-cü il Azərbaycan idmanının inkişafında mühüm bir mərhələ oldu. Qazanılan uğurlar dövlətin, xalqın və idmançıların birgə əzmkarlığının nəticəsidir. Bu nailiyyətlər Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu daha da artırmış və ölkəmizin idman dövləti kimi mövqeyini möhkəmləndirmişdir. Gələcəkdə daha böyük uğurlar üçün görülən işlər ölkəmizin bu sahədəki davamlı inkişafını təmin edəcəkdir.
Xocalı rayon gənci Mehralıyev Elçin