Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan-İtaliya münasibətləri, dərinləşən əməkdaşlıq

0

  • Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş ölkələr kimi fəaliyyət göstərirlər. Hər iki ölkənin müntəzəm siyasi təmasları da var və yüksək səviyyəli siyasi təmaslar ölkələrin yaxın siyasi tərəfdaş olduğunu nümayiş etdirir. Qarşılıqlı səfərlərin təşkili, müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə əməkdaşlıq iki ölkənin əlaqələrinin daha da zənginləşməsinə səbəb olur. Heç şübhəsiz ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətləri qarşılıqlı etimad, hörmət və qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub. Bu səbəbdəndir ki, iki ölkə arasındakı münasibətlər fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğuna nümunədir.
    1975-ci ildən bəri hər il sentyabr ayında təşkil olunan və Çernobbio Forumu kimi tanınan beynəlxalq tədbirdə dünya iqtisadiyyatı və cəmiyyətlər qarşısında duran cari məsələlər, problemlər müzakirəyə çıxarılır. Tədbirin birinci günü adətən iqtisadi, geosiyasi, elmi və texnoloji sahədə qlobal problemlərə həsr olunur. İkinci gün əsas diqqət Avropaya yönəldilir və Avropa İttifaqı ilə bağlı ən aktual məsələlər müzakirə edilir. Üçüncü gün isə hökumət nümayəndələrinin, rəsmilərin, biznes və maliyyə sahəsinin mühüm şəxslərinin iştirakı ilə İtaliyaya həsr olunur. Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
    Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə təqribən 10 il əvvəl qəbul edilib. İki ölkə arasında əməkdaşlıq bir çox sahəni əhatə edir. İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına yaxın olub. Biz artım üçün potensialı yalnız enerji sektorunda deyil, digər sahələrdə də görürük. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Bu da iki ölkə arasındakı əməkdaşlığın vacib hissəsidir. Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür.
    Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələr əlbəttə ki, enerji və ticarətlə məhdudlaşmır. Biz hazırda humanitar məsələlər üzərində fəal şəkildə işləyirik. Artıq İtaliya-Azərbaycan Universiteti fəaliyyətə başlayıb və bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir. İtaliyanın beş aparıcı universiteti – Lyuis, Sapyensa, Boloniya, Milan və Turin universitetləri və onların Azərbaycandan olan tərəf müqabilləri bu müştərək təsisatı yaradıb. Bu, bizim gələcək əməkdaşlığımız üçün mühüm əhəmiyyət kəsb edəcək. Çünki orada bu gün təhsil alan və gələcəkdə təhsil alacaq tələbələr İtaliya ilə təbii bağlantı rolunda çıxış edəcəklər. Onlar italyan dilində səlis danışacaq, italyan mədəniyyətini və italyan xalqının geniş tarixi irsini daha yaxından tanıyacaqlar.
    Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var. Bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. O zaman işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Münaqişəyə nəhayət son qoyuldu. Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər. Beləliklə, biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır.
    Prezident İlham Əliyevin İtaliya prezidentinin dəvəti ilə səfər etməsi və Beynəlxalq Çernobbio Forumunda iştirak edərək çıxış etməsi dövlət başçımızın şəxsiyyətinə olan böyük hörmətin və Azərbaycana Avropada verilən dəyərin göstəricisidir.
    Aydın Əliyev,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi2 ay öncə
    İzlənib156 dəfə
    Azərbaycan İtaliya münasibətləri dərinləşən əməkdaşlıq

    Maraqlı gələ bilər
    0
    46
    52