Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan Respublikasının Konstitusiyası: Demokratik Dövlət Quruluşunun Hüquqi Əsasları

0

  • Azərbaycan Respublikasının Konstitusiyası, müstəqil dövlət quruculuğunun ən vacib sənədidir və ölkənin hüquqi, siyasi, sosial və iqtisadi inkişafının təməlini qoyur. 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiya, Azərbaycan xalqının dövlətçilik tarixindəki ən mühüm hadisələrdən biridir. Bu sənəd, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqla yanaşı, cəmiyyətin demokratikləşdirilməsi, hüquqi dövlət quruculuğu və vətəndaş hüquqlarının müdafiəsi istiqamətində irəliləyişin əsasını qoymuşdur.
    Azərbaycanın konstitusiya quruluşu uzun bir tarixə malikdir. 1918-1920-ci illərdə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin əsas Qanunu qəbul olunmadı, amma bu dövr ölkənin müstəqillik və suverenlik ideyalarının təməlini atmışdır. Həmin dövrün dövlətçilik ideologiyası, xüsusilə də müstəqillik və milli azadlıq prinsipləri, sonrakı illərdə Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynamışdır. Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra, müasir dövlət quruluşunun hüquqi əsaslarının yaradılması zərurəti yaranmışdır.
    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası, yalnız ölkənin suverenliyini və müstəqilliyini gücləndirmək məqsədini güdməyib, həm də demokratik idarəetmə və hüquq sisteminin əsaslarını müəyyən etmişdir. Bu Konstitusiya, həmçinin hüquqi dövlət quruculuğunun, insan və vətəndaş hüquqlarının müdafiəsinin təminatçısı olmuşdur. Konstitusiyada vurğulanan əsas prinsiplərdən biri də xalqın suverenliyidir. Konstitusiya, Azərbaycanın dövlət strukturunu, hakimiyyət bölgüsünü və dövlət orqanlarının qarşılıqlı fəaliyyətini müəyyən edən mühüm sənəd olmuşdur.
    Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, yalnız hüquqi bir sənədin təsdiqi deyil, eyni zamanda, ölkənin demokratik inkişafı üçün möhkəm təməl yaratmaq məqsədini daşıyan bir tarixi addım idi. 1995-ci il 12 noyabrda keçirilən referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbulunu dəstəkləmişdir. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra, ölkə vətəndaşlarının dövlət quruluşuna olan inamını, öz hüquqlarına və azadlıqlarına qarşı məsuliyyət hissini nümayiş etdirən mühüm bir addım oldu.
    Konstitusiya, Azərbaycanın dövlət quruluşunun əsaslarını müəyyən etməklə yanaşı, ölkə vətəndaşlarının hüquqlarını qorumaq və təmin etmək məqsədini güdür. Konstitusiyanın insan və vətəndaş hüquqlarına dair 48 maddəsi, müstəqil Azərbaycan dövlətinin ən mühüm hüquqi sənədi olaraq, ölkədə yaşayan hər bir fərdin hüquq və azadlıqlarını təmin edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlətin əsas məqsədi vəzifəsi insan hüquqlarının müdafiəsi və hüquqların qorunmasıdır. Həmçinin, bu Konstitusiyada dövlətin suverenliyinin, ərazi bütövlüyünün qorunması, demokratiyanın inkişafı, qanunların aliliyinin təmin edilməsi və hüquqi dövlətin qurulması əsas hədəflər olaraq müəyyən olunub.
    Konstitusiyanın qəbul olunmasından sonra, Azərbaycanın dövlət idarəçiliyi sahəsində ciddi islahatlar aparılmışdır. 2002-ci və 2009-cu illərdə Konstitusiyaya edilən əlavələr və dəyişikliklər, həmçinin hüquq sahəsindəki mövcud boşluqları aradan qaldırmaq məqsədini güdürdü. 2009-cu ildə konstitusiyaya edilən əlavələr və dəyişikliklər Azərbaycan Respublikasının dövlət quruluşunun təkmilləşdirilməsinə, hüquq və azadlıqların daha mükəmməl şəkildə qorunmasına və hakimiyyət orqanlarının effektiv fəaliyyətinə yönəlmişdir.
    Son olaraq, 2016-cı ildə həyata keçirilən referenduma əsasən, Konstitusiyaya yeni əlavələr edilmiş və idarəetmə sistemində yeni institutlar yaradılmışdır. Bu əlavələr, idarəetmə sisteminin daha da gücləndirilməsini və dövlətin yüksək səmərəliliklə idarə olunmasını təmin etməyi məqsəd qoyurdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar, müasir dövrün tələblərinə uyğun olaraq Konstitusiyanın daha da təkmilləşdirilməsinə xidmət etdi.
    Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti yalnız hüquqi aspektlərlə məhdudlaşmır, həm də onun cəmiyyətin hər bir sahəsində, o cümlədən sosial, iqtisadi, mədəni və siyasi həyatda müsbət təsir göstərməsidir. Konstitusiya, ölkənin demokratik inkişafına təkan verən, hüquqi dövlət quruculuğunu təmin edən və vətəndaşların hüquq və azadlıqlarını qoruyan bir sənəd kimi Azərbaycan tarixində öz əbədi yerini tutmuşdur.
    Azərbaycanın Konstitusiyası, həmçinin ümumbəşəri dəyərlərə əsaslanır və müasir dünyanın hüquqi təcrübəsi ilə uyğundur. Ulu Öndər Heydər Əliyev, Konstitusiyanın qəbulunu "Azərbaycanın müstəqil və demokratik dövlət quruculuğunun təməli" kimi qiymətləndirmişdir. Prezident İlham Əliyev isə bu sənədin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Konstitusiya, xalqımızın inkişafı üçün müasir, demokratik, hüquqi dövlət quruculuğunun təməlini qoyan bir sənəddir.
    12 noyabr - Konstitusiya Günü, müstəqil Azərbaycanın hüquqi, sosial və iqtisadi inkişafının əsasını qoyan, dövlətimizin güclü və sabit inkişafını təmin edən, vətəndaşların hüquq və azadlıqlarını qoruyan Konstitusiyanın qəbul olunduğu gündür. Bu gün, həmçinin Azərbaycanın gələcək inkişafının hüquqi əsaslarının möhkəmləndiyi və demokratik prinsiplərin təntənə etdiyi bir gündür.
    Ramil Salahzadə ,
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib14 dəfə
    Azərbaycan Respublikasının Konstitusiyası: Demokratik Dövlət Quruluşunun Hüquqi Əsasları

    Maraqlı gələ bilər
    76
    162
    59
    48