Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri hələ dövlətimizin başçısının təyyarəsi havada ikən böyük rezonansa səbəb oldu. Qardaş Pakistanın qırıcılarının Azərbaycan liderinin təyyarəsini müşayiət etməsini əks etdirən kadrların yayılması hər birimizi qürurlandırdı. Odur ki, tarixi köklərə bağlı olan iki qardaş ölkənin liderlər səviyyəsində bir araya gəlməsinin yüksək nəticələri şübhə doğurmurdu.
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri hər iki xalqın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevə və nümayəndə heyətinə dost, qardaş ölkədə göstərilən ən yüksək hörmət və ehtiram bunun bariz nümunəsidir. Ölkəmizin başçısı da öz növbəsində dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu, Azərbaycan-Pakistan qardaşlığının sarsılmaz olduğunu bildirib.
"Ölkəmizin başçısı bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır: "Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Bu bir reallıqdır ki, Pakistanla Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafı tarixi köklər və mənəvi dəyərlərə bağlılıq üzərində inkişaf edir. Bu mənada ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır.
Dövlətimizin başçısı daha sonra bildirib: “Biz, bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Bu gün praktiki layihələrlə bağlı bu münasibətləri hiss etmək üçün müzakirə etdiklərimiz bu bünövrəyə əsaslanır”.
Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirilib. Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.
Bir Xocalı gənci kimi düşünürəm ki, bu gün Xocalıya “Böyük qayıdışın” reallaşması məhz cənab Prezidentimizin bu kimi xarici siyasətinin nəticəsidir.
Xocalı rayon gənci Afərim Lətifli