Ümummilli Lider Heydər Əliyevin çoxsaylı kəlamlarından birini daima qürurla səsləndiririk. Bu qardaş Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər haqqında deyilmiş "Türkiyə ilə Azərbaycan bir millət, iki dölətdirlər" kəlamıdır. Doğrudan da ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə münasibətlərimiz yaxşı mənada yüksələn xəttlə inkişaf etmişdir . Bu iki qardaş ölkə arasında olan dostluq və əməkdaşlıq əhval - ruhiyysi getdikcə daha da möhkəmlənmiş və digər türkdilli dövlətləri də bu iki ölkə ilə yaxından əməkdaşlıq etməyə sövq etmişdir.
Ölkələrimiz arasındakı dostluq əlaqələri hər iki ölkənin Prezidentləri srasındakı münasibətlərə də sirayət etmiş və onların hər bir görüşdə bir - birlərinə qardaşım deyə xitab etmələrinə gətirib çıxarmışdır. Son illər həm Azərbaycanda, həm də Türkiyədə seçkilərdən sonra ölkə başçıları ilk səfərlərini qarşılıqlı olaraq məhz qardaş ölkələrə edirlər. İki qardaş ölkənin rəhbərlərinin bu davranışları yavaş - yavaş digər türkdilli dövlətlərin başçılarına da sirayət edir . Bu yaxınlarda Özbəkistan Respublikasında Prezident seçkilərindən sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ilk səfərini məhz Azərbaycana etməsini buna misal göstərmək olar. Məlumdur ki, 07 fevral 2024 - cü il tarixdə Azərbaycanda Növbədənkənar Prezident seçkiləri keçirildi . Bu seçki Vətən müharibəsindən sonrakı dövründə keçirilən ilk seçki olduğundan Zəfər seçkisi adlandırılırdı. Zəfər seçkisi İlham Əliyevin inamlı qələbəsi ilə nəticələndi. Xalq özünün qalib liderini yenidən özünə rəhbər seçdi. Fevralın 14 - də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimi keçirildi və Ölkə Başçısı xalqa sədaqət andı içdi . Bundan sonra cənab İlham Əliyev Prezidentlik fəaliyyətini davam etdirməyə başladı. Ənənəyə sadiq qalaraq yenidən Prezident seçilmiş İlham Əliyev 18 fevral 2024 - cü il tarixdə özünün ilk xarici səfərini qardaş Türkiyəyə etdi. Qardaş ölkənin Başçısı cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən yenə də hədsiz səmimiyyətlə qarşılanan Azərbaycan Prezidenti seçkidən sonrakı ilk səfərini qardaş ölkəyə etməsindən böyük məmnunluq duyduğunu ifadə etdi və Türkiyə Prezidentinə təşəkkür etdi. Bu səfəri digər səfərlərdən fərqləndirən səbəblərdən biri də o idi ki, bu səfərin proqramı olduqca zəngin idi. Ölkə Başçısının qardaş ölkəyə sonuncu səfəri zamanı ölkələr arasındakı əməkdaşlığı daha da genişləndirmək üçün bir çox müqavilələr imzalandı. Qürurverici məqamlardan biri də Türkiyə - Azərbaycan Universitetinin yaradılması idi. Ümumiyyətlə, Prezidentin Türkiyəyə sonuncu səfəri ən uğurlu səfərlərdən biri olmuşdur. Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindən sonra Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişdir. Türkiyəyə səfəri zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Anıtqəbirdəki movzoleyini ziyarət etməsi böyük məna kəsb edir. Bu ziyarətlər hər iki ölkənin qurucularına bir növ hesabat xarakteri daşıyır və hər iki ölkənin müstəqilliyinin daimiliyinə, dönməzliyinə və əbədiliyinə işarədir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər gələcəkdə bütün türk dövlətləri arasındakı münasibətlərin möhkəmlənməsinə və inkişafına gətirib çıxaracaqdır.
Eldəniz Məhərrəmov,
Xocalı rayon ziyalısı