Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin iclasındakı nitqi tarixi bir çıxış idi. Dünyadakı çağırışları və ölkəmizin prioritetlərini özündə əks etdirən bu nitq həm də Azərbaycan parlamentinin gələcək fəaliyyətini müəyyənləşdirən “yol xəritəsi”dir. Dövlətimizin başçısının nitqi nəinki Milli Məclisin deputatları, eləcə də cəmiyyətin bütün üzvləri - ziyalılar, elm xadimləri, dövlət qulluqçuları, vətəndaş cəmiyyətinin nümayəndələri, ümumilikdə, hər kəs üçün mesajdır. Prezidentin tövsiyələri, vurğuladığı məqamlar qarşıda görəcəyimiz işlərin təməlidir. Ölkə başçımız hər bir deputatı onları seçən xalqın yanında olmağa, işlərində məsuliyyətli və şəffaf fəaliyyət göstərməyə çağırıb. Prezident İlham Əliyevin nitqi deputatların məsuliyyətini birəbeş artırır və onlara stimul verməklə bərabər, həm də daha səmərəli, məhsuldar işləməyə ruhlandırır. Yeni Azərbaycan Partiyasının (YAP) böyük səs çoxluğu ilə qələbə qazanması və altıncı çağırış Milli Məclisin yeni tərkibinin müəyyən edilməsi xalqın Azərbaycan Prezidentinin gördüyü işlərə, onun uzaqgörən siyasətinə, nüfuzuna verdiyi dəyərdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçiləndə dediyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” ifadəsi bu gün reallığı əks etdirir. Dövlətimizin başçısının tövsiyəsinə görə, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Bundan başqa, Prezident İlham Əliyev parlament-hökumət-vətəndaş üçlüyü arasında münasibətlərin daha səmimi, hesabatlı və məsuliyyətli qurulmasının vacibliyinə diqqət çəkib. Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlament sədrinin seçilməsini əlamətdar hadisələrdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, hazırda ölkəmizdə qadınların idarəetmə, icra və rəhbər orqanlarda irəli çəkilməsi adi hal alıb. Çünki bunun üçün Azərbaycanda münbit şərait var. Altıncı çağırış Milli Məclisin Sədrinin də qadın olması cəmiyyətimiz, o cümlədən qadınlar tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan xalqı üçün ölkənin müstəqilliyi, dövlətçiliyin inkişafı, milli maraqların müdafiəsi hər şeydən önəmlidir: "Azərbaycan müstəqil dövlət kimi tam müstəqil siyasət həyata keçirir. Bir sıra hallarda Prezidentin, hökumət rəsmisinin deyə bilmədiyi sözü, fikri deputatlar daha açıq şəkildə ifadə edə, xalqın sözünü deyə bilərlər. Məhz bu səbəbdən parlament diplomatiyası gücləndirilməli, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri daha fəal olmalıdırlar.
Aydın Əliyev,
Xocalı rayon ziyalısı