Təşkilat 30 il əvvəl Türkiyənin təşəbbüsü ilə yaradılmış və indiyədək heç bir yeni üzv qəbul edilməmişdi. Ancaq ilk genişlənmə qərarından sonra Azərbaycan təşkilata üzv qəbul edilən ilk ölkə oldu. Bu addım, Azərbaycanın müsəlman dünyasında və beynəlxalq səhnədəki əhəmiyyətini daha da artırır. D-8, 1 milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən ən böyük təşkilatdır. Üzv ölkələr arasında iqtisadi, siyasi və hərbi əlaqələrin möhkəmləndirilməsi, həmçinin təşkilatın gələcək fəaliyyətinin planlaşdırılması ilə bağlı Azərbaycan mühüm rol oynayacaqdır.
Türkiyə, Azərbaycanın D-8-ə üzvlüyünü dəstəkləyən ilk ölkə olub və bu dəstək Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilmişdir. Azərbaycanın İslam Həmrəyliyi və beynəlxalq aləmdəki digər mühüm addımları da təşkilatın genişlənməsinə təsir edib. Eyni zamanda, ölkəmiz, mütəmadi olaraq, müsəlman ölkələrinin maraqlarını qoruyur və onlara yardım göstərir. Bu həm də Azərbaycanın D-8-ə üzv qəbul edilməsinin səbəblərindən biridir.
D-8-in genişlənməsi, Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, iqtisadi və siyasi potensialını da nəzərə alır. Bu təşkilat, dünyanın yeni geosiyasi düzənində böyük rol oynaya bilər. Həmçinin, Türk Dövlətləri Təşkilatının mümkün güc mərkəzinə çevrilməsi ilə yanaşı, D-8 də yeni imkanlar və perspektivlər təqdim edir. Azərbaycanın D-8-ə üzv olması, bu təşkilatın daha geniş bir coğrafiyada fəaliyyət göstərməsini təmin edəcək və ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirəcəkdir.
Azərbaycanın Qazax rayonunun işğaldan azad edilən dörd kəndinin qaytarılması məsələsi də, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü təmin etməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənistanın işğalçı siyasətinin sona çatdırılması və Azərbaycan ərazilərinin bərpası, həmçinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı irəliləyişlər Azərbaycanın mövqeyini gücləndirib. Bu prosesdə göstərilən müvəffəqiyyətlər, ölkəmizin beynəlxalq aləmdəki etibarını artırır və Azərbaycanı bölgədəki güc mərkəzlərindən birinə çevirir.
Xocalı rayon ziyalısı Elməddin Bağırov