Ötən əsrin 90 - cı illərində baş verən siyasi böhran SSRİ - nin dağılması ilə nəticələndi. Mövcud siyasi sistemin dağılması özü ilə bərabər bir çox xaotik problemlərin meydana gəlməsinə səbəb oldu. Yenicə öz müstəqilliyini bərpa etmiş ölkələrdə xaos, hərc-mərclik, başıpozuqluq baş alıb gedirdi. Bu vəziyyət təəssüflər olsun ki, Azərbaycandan da yan keçmədi. Demək olar ki, ölkəmizdə artıq vətəndaş müharibəsi baş verməkdə idi. Belə bir çətin zamanda müdrik bir rəhbərə və xalqı arxasınca apara biləcək mütəşəkkil bir siyasi quruma böyük ehtiyac vardı. Vəziyyətin bu qədər mürəkkəb olmasını dərindən dərk edən bir qrup azərbaycanlı ziyalı həmin dövrdə Naxçıvanda yaşayan böyük siyasi təcrübəsi olan müdrik siyasi xadim Heydər Əliyevin yanına gedib mövcud böhranın aradan qaldırılması üçün çıxış yollarının tapaılması üçün ondan məsləhət almağa başladılar. Məhz bu görüşlərin nəticəsində Azərbaycanda bütün sağlam qüvvələri ətrafında birləşdirən siyasi təşkilat - Yeni Azərbaycan Partiyası yarandı. Yarandığı gündən qarşısına Azərbaycanın torpaq bütünlüyünü, ölkədə sabitliyi və sülhü təmin etməyi qarşısına məqsəd qoymuş bu partiya Ümummilli Lider Heydər Əliyevin, onun ölümündən sonra isə İlham Əliyevin rəhbərliyi altında addım - addım qarşıya qoyulmuş bütün hədəflərə çatdı. Sözsüz ki, bu hədəflərin içərisində ən öndə gələni Azərbaycanın öz torpaq bütünlüyünü təmin etməsi idi ki, bu məsələ də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020 - ci il tarixdə başlanan 44 günlük Vətən müharibəsi nəticəsində öz həllini tapdı.
Düşmən üzərində möhtəşəm qələbədən çox keçməmiş 05 mart 2021 - ci il tarixdə Yeni Azərbaycan Partiyasının 7 - ci qurultayı keçirildi. Bu qurultay bir növ hesabat xarakterli qurultay idi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev geniş məzmunlu nitq söylədi. O, çıxışında Azərbaycanın döyüş meydanında möhtəşəm qələbəsindən, düşmənin miskincəsinə kapitulyasiya aktına imza atmasından, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığından geniş söhbət açdı . Azərbaycan Prezidenti ölkəmizin qarşısında duran yeni hədəflərin üzərinə də diqqəti yönəltdi. O, bundan sonrakı hədəflərin ölkənin bütün ərazisində Azərbaycan dövlətinin suveren hüquqlarının bərpa edilməsinin olduğunu qeyd etdi və buna tezliklə nail olunacağını qeyd etdi. Ölkə başçısının vurğuladığı bu sözlər həqiqətə söykənirdi. Prezidentin bu sözləri 2023 - cü ilin 19 sentyabrında keçirilən Antiterror əməliyyatı nəticəsində reallaşdı. Ümumiyyətlə Azərbaycan Prezidenti reallaşması mümkün olmayan heç bir məsələ haqqında danışmır.
Əvvəllər olduğu kimi hal - hazırda da Yeni Azərbaycan Partiyası yenə də ölkəmizin əsas aparıcı qüvvəsidir və ölkənin inkişafında mühüm rol oynayır. Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai - siyasi həyatındakı hazırkı rolu Ümummilli Lider Heydər Əliyevin vaxtilə bu partiya haqqında dediyi sözləri bir daha təsdiq edir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır".
Şəkər Quliyev,
Xocalı rayon gənci