COP29 Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı kimi Azərbaycanın sədrliyində keçirilərək dünya iqlim tarixinə əlamətdar hadisə kimi daxil oldu. Azərbaycan bu tədbiri qlobal problemlərin həllində həmrəyliyin vacibliyini nümayiş etdirmək üçün tarixi bir fürsətə çevirdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu beynəlxalq icmanın ölkəmizə olan etimadının və Azərbaycanın yaşıl enerji sahəsindəki səylərinə verilən yüksək dəyərin göstəricisi idi.
Azərbaycanın COP29-u uğurla təşkil etməsi təsadüfi deyildi. Dünyanın 80-dən çox ölkə və hökumət başçısının, 76 mindən çox iştirakçının qatıldığı tədbir yüksək səviyyədə keçirildi. Bakı, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli irəliləyişlərə şahidlik edən mərkəzə çevrildi. Bu tədbir, Azərbaycanın təkcə ətraf mühitin qorunması sahəsində deyil, həm də qlobal diplomatiyada mühüm rol oynadığını bir daha sübut etdi. COP29 çərçivəsində Azərbaycan dünya liderlərinin iqlim maliyyəsi və karbon bazarlarına dair tarixi qərarlar qəbul etməsinə şərait yaratdı. Ən mühüm nəticələrdən biri Bakı Maliyyə Məqsədi oldu. Bu qərar çərçivəsində inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərilməsi razılaşdırıldı. Bundan əlavə, karbon bazarlarına dair on illərlə davam edən müzakirələrin nəticəsində 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsi, maliyyə axınlarının artırılmasına və milli iqlim planlarının həyata keçirilməsi xərclərinin azaldılmasına şərait yaratdı.
Azərbaycan, iqlim dəyişikliklərinin təsirlərinə ən çox məruz qalan kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələrin müdafiəsində ön sırada dayandı. İtki və Zərər Fondunun təsis edilməsi bu ölkələrə yardımın çatdırılmasını sürətləndirmək üçün böyük bir addım oldu. Prezident İlham Əliyev bu təşəbbüsü "Bakı irəliləyişi" kimi qiymətləndirərək, iqlim diplomatiyasında yeni bir səhifənin açıldığını vurğuladı. COP29 çərçivəsində Bakı bir sıra innovativ təşəbbüslərə ev sahibliyi etdi. Yaşıl rəqəmsal texnologiyaların tətbiqindən iqlim davamlılığına, turizm sektorunda dayanıqlı təcrübələrin təşviqinə qədər çoxsaylı layihələr elan edildi. Bu təşəbbüslər yalnız Azərbaycana deyil, dünya ölkələrinə iqlim dəyişikliyinə qarşı mübarizədə dayanıqlı həll yolları təklif etdi.
Azərbaycan, qlobal səviyyədə iqlim maliyyəsi məsələsində razılıq əldə edilməsində müstəsna diplomatik bacarıq nümayiş etdirdi. 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələr arasında etimadı gücləndirdi. Bununla, Azərbaycan iqlim diplomatiyası tarixində əvəzolunmaz bir rol oynadı. COP29 Azərbaycanın beynəlxalq ictimaiyyətə təqdim etdiyi qlobal həmrəyliyin bir nümunəsi kimi yadda qaldı. Bakıda əldə edilən razılaşmalar dünya iqlim fəaliyyətinə istiqamət verəcək və gələcək COP konfransları üçün bir model olacaq. Elm göstərir ki, iqlim dəyişikliyi ilə mübarizədə hələ çox işlər görülməlidir. Lakin Bakı COP29-un tarixi nailiyyətləri bu mübarizədə insanlığa güc və ümid verir.
Azərbaycan öz diplomatik bacarığı və ekoloji məsələlərə bağlılığı ilə qlobal arenada nüfuzunu daha da möhkəmləndirdi. Bu, həm ölkəmiz, həm də dünya üçün davamlı gələcək qurmaq yolunda böyük bir addımdır.
Vəfa Məmmədova
Xocalı rayon ziyalısı