Tədqiqatçılar ədviyyatların qanda qlükoza və xolesterol səviyyələrini tənzimləməkdə mühüm rol oynadığını aşkar ediblər.
xocalininsesi.az medicina.az-a istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Universitetinin alimləri qida rasionuna darçın, qaraçörəkotu və zəncəfil kimi ədviyyatların əlavə edilməsinin təsirlərini araşdırıblar.
Həkimlər qanda qlükoza və xolesterin səviyyələrini idarə etmək baxımından darçın, qaraçörəkotu və zəncəfilin sağlamlığa əhəmiyyətli təsir göstərə biləcəyi qənaətinə gəliblər.
Məlum olub ki, ədviyyatlar metabolik sindrom riski olan insanlara daha müsbət təsir göstərir. Hansı ki, bu problem karbohidrat, lipid və purin mübadiləsinin pozulması ilə özünü göstərir və arterial hipertenziyaya səbəb olur.
12 həftəlik təcrübələrdən sonra pəhrizdə zəncəfil və qaraçörəkotunun yer almasının aclıq qlükoza səviyyəsini azaltdığı məlum olub.
Ümumi LDL xolesterolunu azaltmaq da mümkün olub. Darçın da qlükoza ilə bağlı oxşar nəticə göstərib. Qaraçörəkotu ilə ən təsirli nəticələrin əldə edildiyi bildirilib.
Tədqiqatçıların fikrincə, darçın isə qlikozlaşdırılmış hemoglobinin (HbA1c) səviyyəsini azaltmaqda ən böyük təsirə malikdir.
Mütəxəssislər darçını içkilərə, səhərlər sıyıqlara, qatığa və smuzilərə əlavə etməyi məsləhət görüblər.
Zəncəfilə gəlincə, onu təzə halda yeməklərdə istifadə etmək daha yaxşıdır. Əvvəlcə onu sürtgəcdən keçirmək məsləhətdir.
Qaraçörəkotu isə düyü və ət yeməklərinə, salatlara əlavə edilə bilər.
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/health/1227739.html