Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Nazirlik Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılıb.
Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.
İşğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı Dövlət Təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür. Ölkə başçısının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı müvafiq Sərəncamı var. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mütəmadi olaraq ərazidə fauna və floranın müşahidəsi üçün birgə monitorinqlər həyata keçirirlər
Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin 25 dekabr 2023-cü ildə imzaladığı Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Hazırladı: Mina RƏŞİD