Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.
Bu gün unudulmaz şairimiz, jurnalist Şahmar Əkbərzadənin anım günüdür. Tanınmış şair Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il dekabrın 28-də Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə bitirib. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olub, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirib.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib, 1968-ci ildə Bakı şəhərinə köçüb “Azərbaycan gəncləri” qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışıb. “Kommunist” qəzetində müxbir və şöbə müdiri kimi fəaliyyətini davam etdirib.
Ş.Əkbərzadə 1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib və ömrünün sonunadək qəzetin baş redaktoru vəzifəsində çalışıb.
Şahmar Əkbərzadə 2000-ci il avqustun 30-da Bakı şəhərində dünyasını dəyişib.
2014-cü il fevralın 10-da şairin adını daşıyan “Şahmar Ədəbi Məclisi” (ŞƏM) təsis olunub. Həmçinin, “Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı yaradılıb.
Mina RƏŞİD