Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bu gün şəhid Mehrac Əhədovun doğum günüdür

0

  • Atası deyir ki, Mehrac ağıllı övlad idi, bir qonşu deyə bilməz ki, ondan bir narazılığı olub. Vətəni də çox sevirdi. Döyüşlərə gülə-gülə getdi. Əvvəlcə Füzulidən, sonra Cəbrayıldan zəng edirdi. Oktyabrın 14-də bacısı qızının doğum günüydü, zəng elədi, bacısına dedi ki, hazır olun, tezliklə qayıdacam, mənə elçi gedərsiniz... Sonra Mehracın zəngləri azaldı və bir daha ondan səs-soraq gəlmədi. Nəhayət noyabrın 26-da Mehracın şəhid xəbəri gəldi. Anası deyir ki, qızımgilə gedirdim, yoldaşım dedi ki, getmə, yoldan qayıtdın. Sən demə oğlumun şəhid xəbərini hamı məndən gizlədirmiş. Gəldim ki, küçə adamla doludu, onda bildim ki, balam şəhid olub. Mehrac Vətəni, torpağı seçdi. Onunla fəxr edirəm!

    Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Mehrac İntiqam oğlu Əhədovun doğum günüdür. O, 30 oktyabr 1999-cu ildə Nərimanov rayonunda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhər 93 nömrəli tam orta məktəbdə təhsil alıb. Mehrac Əhədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam edib.
    2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayanda Mehrac Əhədov da səfərbər olmuş, hərbi təlim toplantılarına qatılmışdı.
    Azərbaycan Ordusunun əsgəri olan Mehrac Əhədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
    Mehrac Əhədov 22 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimizin nəşi bir müddət neytral zonada qaldıqdan sonra böyük izdihamla Vətən torpağına tapşırılıb.
    Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mehrac Əhədov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
    Vətənin igid oğlu Mehrac Əhədov iki bacının yeganə qardaşı idi. Mehrac şəhadətə ucaldıqdan sonra onun sosial şəbəkələrdə yayılan son səs yazısı hər kəsin qəlbini titrədir. Belə ki, şəhidimiz sevdiyi qıza son mesajında deyir:
    "Mən sənə dedim ki, salamat qayıdacağam, yenə gözlərinə baxıb, səni sevirəm deyəcəyəm, ağlama..."
    Xalqın yaddaşında əbədi yaşayacaq şəhidim, cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Mehrac balamız!

    Mina RƏŞİD

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməCəmiyyət
    KateqoriyaCəmiyyət
    Yerləşdirdi
    Yerləşdirildi3 həft. öncə
    İzlənib12 dəfə
    bu gün şəhid mehrac Əhədovun doğum günüdür

    Maraqlı gələ bilər
    54
    30
    59