4 oktyabr 2024-cü il, Cəbrayıl şəhəri üçün unudulmaz bir gün olaraq tarixə düşəcək. Prezident İlham Əliyevin bu gündəki çıxışı, azad olunmuş torpaqların bərpa edilməsinin əhəmiyyətini, Cəbrayılın strateji rolunu və burada atılan addımları önə çəkdi. Cəbrayıl, İkinci Qarabağ müharibəsi dövründə azad edilmiş ilk şəhərdir və bu, Azərbaycanın müstəqil gələcəyinin bünövrəsini qoydu. Prezident, Cəbrayıl əməliyyatının müharibənin gedişatında necə müsbət təsir etdiyini və xalqın ruhunu necə yüksəltdiyini vurğulayaraq, "Silahlı Qüvvələrimiz Vətən müharibəsində əsl qəhrəmanlıq göstərmişdir," dedi. Cəbrayılın azad olunması, yalnız hərbi uğur deyil, eyni zamanda, müstəqil Azərbaycanın varlığını təsdiqləyən bir addım olmuşdur. Çıxışında, Prezident, Cəbrayılın bərpası üçün atılan addımları da xatırlatdı. Minalardan təmizləmə işləri, infrastruktur layihələrinin icrası, yeni binaların inşası – bunlar, dövlətin bu torpaqlara olan diqqətinin göstəricisidir. "Gözəl evlər, dövlətimizin gücünü göstərir," – dedi Prezident. Bu, Cəbrayılın gələcəkdə necə inkişaf edəcəyinin və keçmiş köçkünlərin öz doğma yurdlarına necə qayıdacağına dair bir ümid işığıdır.
Bu gün Cəbrayıl, yalnız müharibənin xatirəsi deyil, həm də Azərbaycanın yüksəlişinin, iradəsinin və gücünün simvoludur. Prezidentin sözləri ilə, "Bu torpaqların əsl sahibləri qayıdıb." Cəbrayılın bərpa prosesi, ölkəmizin gələcək inkişafına yönəlmiş genişmiqyaslı planların bir parçasıdır. Hər bir bina, hər bir yol, hər bir layihə, bu torpaqlara olan bağlılığın, sevgimizin bir göstəricisidir.
Bəxtiyar Mahmudov,
Xocalı rayon gənci