2025-ci ilin 9 aprelində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum təkcə regional məsələlərin deyil, həm də qlobal güc balanslarının, geosiyasi münasibətlərin və diplomatik ikili standartların açıq müzakirə olunduğu bir platforma kimi yadda qaldı. Prezident İlham Əliyevin bu forumda çıxışı zamanı ABŞ-ın Cənubi Qafqaz siyasətinə, xüsusilə Ermənistanla münasibətlərinə dair səsləndirdiyi fikirlər bir daha beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın haqlı narahatlıqlarına yönəltdi. Prezident açıq şəkildə bildirdi ki, Demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini bilirdik və bu, sadəcə təsadüf deyildi. Bu bəyanat, bir tərəfdən Azərbaycanın uzun illər ərzində üzləşdiyi siyasi ədalətsizliyə işarə idi, digər tərəfdən isə beynəlxalq siyasətdəki ikili yanaşmaları ifşa edirdi.
İlham Əliyevin bu fikirləri ABŞ-ın siyasi elitasının müxtəlif dövrlərdə Ermənistanla bağlı tutduğu mövqenin sabit və dəyişməz olduğunu göstərir. ABŞ-da Demokratların hakimiyyətdə olduğu dövrlərdə Ermənistanın dəstəklənməsi müxtəlif formalarda təzahür edib: bir tərəfdən maliyyə yardımları, digər tərəfdən qondarma “erməni soyqırımı” məsələsinin mütəmadi gündəmə gətirilməsi, həm də Ermənistanın mövqeyini müdafiə edən bəyanatlarla müşayiət olunub. Azərbaycan isə bu dövrlərdə obyektiv yanaşma görməkdə çətinlik çəkib, baxmayaraq ki, ölkə beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü və sərhədlərini qorumağa çalışıb.
Prezidentin bu kontekstdə səsləndirdiyi fikirlər həm də onu göstərir ki, Azərbaycanın diplomatik yaddaşı güclüdür və tarix boyu baş verən hadisələr, xüsusilə böyük dövlətlərin regional münaqişələrə yanaşmaları unudulmayıb. Demokrat administrasiyalar dövründə Ermənistanın himayə olunması, əslində, regionda balansın pozulmasına, Azərbaycanın haqlarının gözardı edilməsinə və status-kvonun illərlə qorunub saxlanmasına səbəb olub. Bu vəziyyət, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və ikili standartlarla müşahidə olunub ki, bu da Ermənistanın işğal siyasətinə dolayı dəstək anlamına gəlib.
Forumda Prezident İlham Əliyev bu məsələyə toxunaraq bir daha beynəlxalq ictimaiyyətə xatırlatdı ki, ədalət yalnız siyasi maraqlara tabe olmamalıdır. Azərbaycanın qarşılaşdığı bu ədalətsizlik təkcə Ermənistanla münaqişə çərçivəsində deyil, böyük güclərin maraqları fonunda qiymətləndirilməlidir. Bu baxımdan, ABŞ-ın müxtəlif administrasiyaları tərəfindən Ermənistanın açıq və ya gizli şəkildə dəstəklənməsi, beynəlxalq hüquq normalarına zidd olaraq qəbul edilməlidir. Prezidentin çıxışı həm də Azərbaycanın artıq bu oyunlara boyun əyməyəcəyini, güclənmiş, müstəqil və prinsipial xarici siyasət yürütməyə davam edəcəyini nümayiş etdirdi.
Bütün bunlar göstərir ki, Azərbaycanın dövlət başçısı dünya ictimaiyyətinə sadəcə faktları deyil, həm də beynəlxalq münasibətlər sistemindəki reallıqları və gözardı edilən həqiqətləri xatırladır. Artıq regionda yeni reallıqlar formalaşıb və bu reallıqları diktə edən tərəf Azərbaycanın özüdür. ABŞ və digər güclər bu dəyişən şəraitdə ədalətli və obyektiv mövqe tutmaq istəsələr, keçmişdəki səhvləri qəbul etməli və tərəfsiz siyasət yürütməlidirlər. Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışı bir daha göstərdi ki, Azərbaycan nəinki öz maraqlarını qətiyyətlə qoruyur, eyni zamanda beynəlxalq münasibətlər sistemində şəffaflıq və ədalət prinsipinin bərqərar olunmasına çağırış edir.
Leyli Yusifova
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi