Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxış etdi. Dövlət başçısı çıxışı zamanı mühüm məsələlərə toxundu. Ölkə lideri Azərbaycanın daxili və xarici siyasət kursu, həmçinin rəsmi Bakının regional və beynəlxalq müstəvidə oynadığı rolla bağlı mühüm mesajlar verdi. Ölkə liderinin vurğuladığı əsas məsələlərdən biri bəzi dövlətlərin Azərbaycana qarşı soyuq müharibəyə başlaması ilə bağlı idi. Hazırda Qərb Azərbaycana qarşı, doğrudan da, səlib yürüşünə başlayıb. Bunun əsas səbəbi bir çox güclərin rəsmi Bakının əldə etdiyi uğurları, o cümlədən ərazi bütövlüyünü təmin etməsini qəbul etməməsidir. Təsadüfi deyil ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü təmin etməsindən və Cənubi Qafqazda yeni reallıqlar yaratmasından sonra ölkəmizə qarşı aqressiv münasibət gücləndi. Çünki rəsmi Bakının yaratdığı yeni reallıqlar regionda sülh və sabitliyin formalaşması üçün şərait yaradıb. Bu isə Qərbə sərf etmir. Belə ki, ABŞ, Fransa kimi imperialist güclər məhz konflikt vasitəsilə bölgədəki təsir güclərini qoruya bilərlər. Elə bununla bağlıdır ki, həmin aktorlar bütün imkanları ilə bölgənin ən zəif bəndinə - Ermənistana təsir göstərməyə çalışırlar. Bakının Paris və Vaşinqton kimi oyunçuların bəzi riyakar addımlarına adekvat cavab verməsi onu deməyə əsas verir ki, Azərbaycan kimsənin diktəsi ilə oturub-durmur, bütün addımlarında ancaq öz maraqları kontekstindən çıxış edir. Adı çəkilən güclərin və digərlərinin Azərbaycana qarşı qərəzli mövqeyinin daha bir nümunəsi regiondakı reallıqları qəbul etməməsi və bütün imkanları ilə Ermənistanı silahlandırmasıdır. ABŞ, Fransa, Hindistan kimi oyunçular Ermənistanı silahlandırmaqla bu dövləti revanşa və nəticə etibarı ilə bölgədə yeni qarşıdurmanın yaranmasına çalışırlar.
Bu gün Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb. Rəsmi Bakı özünün hərbi və diplomatik səyləri nəticəsində sülhə mane olan bütün əngəlləri aradan qaldırır. Son günlər baş verən bir sıra mühüm hadisələr, o cümlədən Qazaxın işğal altındakı 4 kəndinin Azərbaycana qaytarılması, sərhədlərin delimitasiyasının başlanması buna bariz nümunədir. Rəsmi Bakının xarici siyasət kursunda konstruktiv mövqe həmişə aparıcı yer tutur. Azərbaycan həm beynəlxalq, həm də regional ölkələrlə normal münasibətin qurulmasına və davam etməsinə çalışır. İlham Əliyev də dünən bu barədə danışdı. O söylədi ki, Azərbaycan qonşularla yaxşı və bəzən əla münasibətlər qura bilib. Bu o, deməkdir ki, rəsmi Bakının kimsənin ərazi bütövlüyündə, suveren hüquqlarında gözü yoxdur. Bakıya qarşı qərəzli mövqe sərgiləyənlər də bunu nəzərə almalıdırlar.
Ceyran Quliyeva,
Xocalı rayon Qaragav kənd tam orta məktəbin müəllimi