Azərbaycanın COP29-a ev sahibliyi etməsi, inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə əlaqələrimizi gücləndirmək üçün böyük bir imkan yaratdı. Prezident İlham Əliyev çıxışında bu əlaqələrin yeni bir mərhələyə yüksəldiyini vurğulayaraq kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməsinin əhəmiyyətini qeyd etdi. Bu dövlətlər iqlim dəyişikliklərinin təsirlərinə qarşı xüsusilə həssasdır və onların qorunması üçün dünya ictimaiyyətinin dəstəyinə ehtiyac var.
İqlim dəyişiklikləri, Azərbaycan daxil olmaqla, bütün ölkələrə təsir göstərir. Xəzər dənizi hər il daha da dayazlaşır, çaylarda suyun səviyyəsi azalır, dağlarda isə qar ehtiyatı ildən-ilə azalır. Yağıntıların qeyri-müntəzəm olması daşqınlara və qeyri-adi hava şəraitinə səbəb olur. Bu dəyişikliklər kiçik ada dövlətləri üçün yalnız bir ekoloji problem deyil, həm də ekzistensial təhlükədir. Azərbaycan da daxil olmaqla hər bir ölkə bu prosesdən təsirlənsə də, bu ada dövlətləri üçün həyat-memat məsələsidir.
Azərbaycan, xüsusilə Qoşulmama Hərəkatının sədri kimi, fəlakətlərdən əziyyət çəkən ölkələrə yardım göstərməklə öz dəstəyini nümayiş etdirir. İqlim dəyişikliklərinin təsirini azaltmaq məqsədilə Azərbaycan qasırğa, zəlzələ və daşqınlardan zərər görmüş ölkələrə yardım edir. Bundan əlavə, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası kimi sahələrdə də kiçik ada dövlətlərinə dəstək verir. Həmçinin bu ölkələrin gəncləri üçün Azərbaycan universitetlərində təhsil təqaüdləri təmin edilir.
Bu ilin may ayında Baham adaları, Tonqa və Tuvalu kimi ölkələrin liderləri COP29-la bağlı planlarını müzakirə etmək üçün Azərbaycana səfər etdilər. Görüşlər nəticəsində Bakı Kommünikesi qəbul edildi ki, burada iqlim maliyyəsinin əlçatanlığının artırılmasının vacibliyi vurğulandı. Bu yaxınlarda Bakıda İtki və Zərərə Cavab Fondu yaradıldı ki, xüsusilə ehtiyacı olan ölkələrə, o cümlədən kiçik ada dövlətlərinə maliyyə dəstəyi göstərilsin. Azərbaycan həmçinin Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalayaraq, onların layihələrinə dəstək məqsədilə 10 milyon ABŞ dolları ayırıb.
Karib dənizi və Sakit Okean kimi ərazilər iqlim dəyişikliklərinin təsirinə ən çox məruz qalan bölgələrdən biridir. Artan dəniz səviyyəsi, ekstremal hava şəraiti və biomüxtəlifliyin azalması bu bölgələri təhdid edir. Azərbaycan, COP29 çərçivəsində bu icmaların və digər zəif ölkələrin səsini eşidilməsini dəstəkləyir və onların dəstəyinə ehtiyac duyduqlarını bir daha vurğulayır. Fransanın kolonial keçmişə malik ərazilərində hələ də müstəmləkəçilik problemləri davam edir, və bu ərazilər xüsusilə iqlim dəyişikliklərinə qarşı həssasdır.
Prezident İlham Əliyev həmçinin Azərbaycanı cəngəllik kimi görən və Avropanı bir bağ kimi təsvir edən Avropa liderlərinin nəzərindən kənarda qalan bu icmaların hüquqlarını müdafiə etmək üçün Azərbaycan dövlətinin qətiyyətli mövqeyini bir daha təkrarladı. Azərbaycan, COP29 sədri olaraq kiçik ada dövlətlərinin yanında olacaq və onların maraqlarını müdafiə etməyə davam edəcək. Azərbaycanın kiçik ada dövlətlərinə olan bu dəstəyi, həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də qlobal səviyyədə davam etdiriləcək.
Aqil Alışov
Xocalı rayon ziyalısı