Çox zaman insanın doğulduğu, böyüyüb boya-başa çatdığı təbii ərazinin, mühitin əzəməti, vüqarı onun canına, qanına hopur. Ulu Tanrı yaratdığı hər bir insanın üzərinə müəyyən missiya,vəzifələr qoyur. Vətən ölkəmizin, onun əyalətlərinin idarəçilik sistemində cani-dildən çalışan, daim onun inkişafına töhfələr verən övladlarının sayəsində Vətən olur. Belə insanlardan biri də Şakir Sabir oğlu Əliyevdir.
Şakir Əliyev 1959-cu il martın 7-də Qırxqız dağının ətəyində yerləşən, keçmiş DQMV-nin Kosalar ərazisində füsunkar təbiəti ilə göz oxşayan Qaragav kəndində, həyatı halallıqla yoğrulmuş Sabir kişinin ailəsində dünyaya göz açmışdır. Ana babası vaxtilə İranda ali dini təhsil almış, İslam dininin mahir bilicilərindən olan, sayılıb-seçilən el ağsaqqalı Molla Ədildir. 1966-1968-ci illərdə əvvəlcə doğma Qaragav kəndinin ibtidai məktəbində təhsil alan, sonra isə 1968-1974-cü illərdə ölkəmizin müxtəlif sahələrinə öz töhfələrini verən insanları yetişdirmiş Kosalar kənd məktəbində səkkizinci sinfi bitirən Şakir 1974-1978-ci illərdə Məşədi Əzizbəyov adına Şuşa Pedaqoji Texnikumunda təhsil alaraq ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir.1978-ci ildən doğma Qaragav kənd ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayan Şakir müəllim 1978-1980-ci illərdə indiki Rusiya Federasiyası ərazisində hərbi xidmətdə olmuşdur. O, həyatına xoş xatirələr yazılan 1981-1987-ci illərdə Xocalı rayonu Daşbulaq kənd məktəbində işləmiş, erməni separatçıları tərəfindən kənddə yaşayan azərbaycanlıların zorla qovulmasından sonra isə əmək fəaliyyətini 1987-1988-ci illərdə Xocalı rayonu Meşəli kənd məktəbində davam etdirmişdir. Pedaqoji fəaliyyətlə bərabər Şakir müəllim 1984-1988-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi ixtisası üzrə qiyabi şöbədə təhsil almışdır. Məlum hadisələrlə əlaqədar Şakir müəllim ali təhsilin sonuncu kursunu Gəncə Dövlət Universitetində təhsil alaraq tarix müəllimi ixtisasına yiyələnmişdir. O, 1989-cu ildən doğma Qaragav kənd məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur.
Qarabağda erməni separatçılarının baş qaldırmasından sonra Şakir müəllim pedaqoji fəaliyyətlə bərabər silaha sarılaraq ərazi özünümüdafiə batalyonunun tərkibində torpaqlarımızın müdafiəsində dayanmışdır. Dünyanı lərzəyə salan terrorçu təşkilatlardan, separatizmi dəstəkləyən dövlətlərdən dəstək alan ermənilərin 1992-ci ilin mayında doğma Qaragav kəndini işğal etməsindən sonra Şakir müəllim Qaragav kənd məktəbinin fəaliyyətini Oğuz rayonunda bərpa etmişdir. 2013-cü ilin aprelindən Xocalı rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunan Şakir müəllim rəhbər kimi daim işçilərə qarşı diqqət və qayğı ilə yanaşmışdır. O, hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinin Xocalı rayonu üzrə Təhsil Sektorunda çalışır.
Torpaqlarımızın işğaldan azad olunması Şakir müəllimin 30 illik vətən nisgilinə son qoydu. O, 2023-cü il noyabrın 22-də doğma Qaragavı ziyarət etmişdir.
Daim dövlətə, dövlətçiliyə sadiq əsl ziyalı, üç övladı, altı nəvəsi olan Şakir müəllim həm də gözəl ailə başçısıdır. Onun iki oğlu və bir qızı fəaliyyət göstərdikləri sahədə cəmiyyətimizə öz töhfələrini verirlər. Şakir müəllimin övladları bundan sonrakı fəaliyyətləri ilə vaxtilə atalarının müdafiəsində dayandığı, indi isə işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə öz töhfələrini verəcəklər.
Nəcəf HƏSƏNOV,
Qarabağ Regional Təhsil İdarəsinin Xocalı rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi