Dekabrın 13-də Xocalı rayon Meşəli kənd tam orta məktəbinin akt zalında "Erkən nikahlar məişət zorakılığının başlıca amillərindənddir" mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin, rayon təhsil, polis, səhiyyə idarələrinin əməkdaşları ilə yanaşı, IX, X, XI sinif şagirdləri və valideynlər iştirak etdilər.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xəlil Vəliyev, Xocalı rayon Təhsil Sektorunun müdiri səlahiyyətlərini icra edən Xəyyam Cəfərov, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı Kamran Əhmədli, Xocalı rayon Meşəli kənd tam orta məktəbinin direktoru Aqil Alışov, Xocalı rayon Meşəli kənd Ailə-Sağlamlıq Mərkəzinin həkimi Aysun Baxışova aidiyyəti mövzular üzrə çıxışlar etdilər.
Bildirildi ki, Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Uşaq Hüquqları Konvensiyası Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Erkən nikahlar fərdin psixi-mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda, erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların həmin yaş dövrünü əllərindən almaqla, ailə, ev, uşaq baxımı kimi məsuliyyətlər daşımaqla şəxsi inkişafına mane olur. Həmin fərdlər təhsildən uzaqlaşır. Uşaq evliliyi qız uşaqlarının həyat yoldaşlarından asılı hala gəlmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliyinin yaranmasına gətirib çıxarır.
Həmçinin vurğulandı ki, erkən nikahın özü məcburetmə olduğuna görə, məişət zorakılığının bir növüdür. Burada fiziki olmasa da, psixioloji məcburetmədən söhbət gedir.