2024-cü il 10 may tarixində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər etdilər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Görüşdə Prezident İlham Əliyev çıxış etdi. Ümumilli Liderimizin siyasi xəttini uğurla davam etdirən və məhz Ulu Öndərimiz kimi Qarabağa, Şuşaya böyük dəyər verən Prezidentimiz öz çıxışında Şuşanın əhəmiyyəti və Azərbaycan üçün dəyəri haqqında çox gözəl nitq söylədi. Bu sözlər, bu cümlələr Şuşaya verilən dəyərin böyüklüyünün göstəricisi idi: "Şuşa təkcə sadəcə bir şəhərimiz deyil, Şuşa 30 ilə yaxın yalnız yuxularımızda olub bu gün isə ən sevindirici həqiqətimiz, ən qürurlu reallığımızdır. Şuşa-uğrunda gözünü qırpmadan canını fəda edən igidlərin öz qanları ilə suladığı çiçəklərin məskənidir. Şuşa -30 illik həsrətimizə söykənən, 30 il boyunca sönməyən iradəmizin simvoludur! Cıdır düzü -vətənpərvərliyimizin sərhədsizliyinin məkanıdır! Xarıbülbül dillərə dastan olan, Vətən uğrunda apardığımız haqlı müharibəmizdə qazandığımız Şanlı Qələbəmizin nişanəsidir!”
Ali Baş Komandanımız öz çıxışında erməni vandalizmindən və bu barbarlığa, vandalizmə göz yuman “demokratik dünya dövlətlərindən” geniş söhbət açdı. Eyni zamanda qeyd etdi ki, Azərbaycan dövləti və Xalqı bu dağıntıları, vandalizmi heç bir zaman unutmayacaq və dünyanın “demokratik dövlətləri”ndən də bu hadisələrə düzgün qiymət verilməsini israrla tələb edəcək.
Prezidentimiz öz çıxışını belə sonlandırmışdır: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq. Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik, can sağlığı arzulayıram. Burada rahat yaşayın!”
Mən bir Şuşa sakini olaraq Möhtərəm Prezidentimizin, Ali Baş Komandanımızın bu çıxışını xüsusi bir fəxrlə, diqqətlə dinlədim və baxdım. Bu çıxış həsrətində olduğumuz və illərdi arzuladığımız günlərin müjdəçisidir. Möhtərəm Prezidentimizin hər kəlməsi, hər cümləsi Vətən həsrəti ilə təşnə olan, ürəyi Vətəndə-Şuşada yaşamaq arzusu ilə döyünən bütün şuşalıların ürəyinə su səpdi. Prezidentimizin bu çıxışını təkcə bu gün Şuşaya qayıtmış şuşalılar deyil, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində keçmiş məcburi köçkün kimi məskunlaşan şuşalılar və Azərbaycandan kənarda, xaricdə yaşayan şuşalılar da qürur hissi ilə, fəxrlə dinlədilər. Bu çıxış hər birimiz üçün Möhtərəm Prezidentimizin “Şuşa, sən azadsan!” kəlməsi, cümləsi qədər əziz və dəyərli oldu. İndi bütün şuşalılar bir daha əmin olduq ki, Dövlətimiz, dövlət başçımız Şuşaya, şuşalılara necə böyük dəyər, qiymət verir. Bizi Vətəndə - Şuşada Möhtərəm Prezidentimizin rəhbərliyi və xüsusi nəzarəti altında gözəl gələcək, xoşbəxt, firavan həyat gözləyir.
Biz, şuşalılar Şuşanı məcburi tərk edərkən heç birimiz inanmazdıq ki, belə möhtəşəm bir qayıdışla geri dönəcəyik. O tədbirdə sözün həqiqi mənasında bir qrup şuşalının timsalında bütün şuşalılar-burda doğulub-doğulmamasından asılı olmayaraq hər kəs iştirak edirdi sanki.
Bu əvəzolunmaz hissləri, arzuladığımız günü bizlərə yaşatdığı üçün Dövlətimizə, Möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. Allah Qalibiyyətimizi, Zəfərimizi əbədi etsin! Allahdan Vətən uğrunda canını fəda edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Rəbbim Möhtərəm Prezidentimizə can sağlığı, uzun ömür versin! Azərbaycan xalqı daim var olsun! Müqəddəs bayrağımız daim zirvələrdə, ucalarda dalğalansın!
Hicran Məhərrəmova,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi,
Şuşa sakini