Xocalı müsibətini öz gözləri ilə görmüş, həmin faciəni canı-qanı ilə yaşamış, bu ömrü yarımçıq qalmış, qəlbi param-parça insanların qan donduran xatirələri Azərbaycanın və hər bir azərbaycanlının qan yaddaşıdı. İllər, qərinələr keçəcək, amma dünyanın ən dəhşətli faciələrindən olan XOCALI SOYQIRIMI heç vaxt unudulmayacaq. Bu müsibətlər dildən-dilə, eldən-elə yayılıb yeni nəsillərə ötürüləcək. Qanlı tariximiz nağıllara, hekayələrə, cild-cild kitablara çevriləcək. Bu qanlı tarix yaddaşımıza qara hərflərlə yazılsa da, həm də bir qəhrəmanlıq dastanlarımıza dönəcək. Xocalılar o çətin günlərdə hər biri əliyalın olsa da, bir ordu misalı kimi yaddaşımızda yaşayır və yaşayacaq. Xocalı qəhrəman şəhər kimi canlı muzeyə dönəcək...
Bu gün Xocalı faciəsinin daha bir şahidi – Əliyeva Zümrüd Əzim qızı “Xocalı TV”-yə danışır. Zümrüd xanım başına gələnləri elə doğma, azad Xocalıda “Xocalının səsi” saytının baş redaktoru Qalib Bəyməmmədoğlu ilə müsahibəsində bir daha bizlərə çatdırır.
Bir də bu faciəni yaşamayaq...
Xocalı faciəsinin qisası onda alındı ki, Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı, o cümlədən hər bir azərbaycanlının qəlb yarasına çevrilən doğma Xocalını işğaldan azad etdi. Bu günə şükürlər olsun. Şükürlər olsun ki, biz yaralı qəlbimizə məlhəmi bu gün doğma, azad Xocalıda tapırıq.
Zümrüd xanım da, soyqrım gecəsi 4 övladı ilə öz isti evində idi. İndi o, soyqrım gecəsi müsibətlər içində ayrılmaq məcburiyyətində qaldığı Xocalıdakı həmin doğma, xatirələrlə dolu evindədir.
Zümrüd xanım deyir ki, bu mənim öz evimdi. Onu zəhmətimizlə tikmişdik. Xocalı faciəsinə qədər təmirli, içi dolu idi, cehizimin heç yarısını da işlətməmişdim. Əliyev İldırım İslam oğluyla 1981-ci ildə ailə qurmuşduq. Yoldaşım Xocalıda bir zabit kimi vuruşurdu, o sonra 2-ci qrup əlil oldu, Prezident təqaüdçüsü idi, 2018-ci il mayın 11-də vəfat edib.
...Bir gün yoldaşım dedi ki, daha burada qalmaq olmaz. Sizi çıxarmaq lazımdı. Necə çıxacaqdıq, bir çıxış yolu Əsgəran qalmışdı...
Bacım oğlu Muradov Zahid Lətif oğlu Xocalının ilk şəhidi oldu. 1991-ci il sentyabrın 10-da o postdan evlərinə qayıtmışdı. Düşmən Xocalıya mərmilər atarkən o, həyətin işığını söndürmək üçün evdən bayıra çxanda sanki odun içinə düşdü. Zahid anasının ölümünün 20-ci günüdə şəhid oldu. Elə həmin vaxt qəlpələrdən kiçik qardaşı da yaralandı. Onların hər ikisini tez Ağdama, xəstəxanaya çatdırdılar. Zahid artıq şəhid olmuşdu, onu Xocalıya qaytardılar. Qardaşı isə xəstəxanada, Ağdamda qaldı...
Zahidin 25 yaşı vardı, 3 ay idi ki, toyunu eləmişdik. Şəhidimizi 3 kənd camaatı yığışıb dəfn elədik. Onun yoldaşı hamilə idi, uşağı tələf etmək istəmədi, əksinə sevdiyi həyat yoldaşının xatirəsi kimi onunla təskinlik tapdı. Naftalana məcburi köçkün kimi sığınanda aprelin 2-də uşaq doğuldu. Həmin oğlan 21 yaşına çatdı, ona elçi getdik, nişanlandı. Ancaq Ağcakənd yolunda öz maşını ilə qəzaya düşərək dünyasını dəyişdi.
Soyqırım gecəsi 37 yaşım tamam olurdu...
Ağdamdan Xocalıya köməyə gələn 4 əsgər yoldaşımla hər axşam bizə gəlirdi. Deyirdim ki, onların burada evləri yoxdu, qoy gəlib bizdə yeyib-içsinlər. Beləcə aylarla onlara qulluq eləmişəm. Yoldaşım bilirdi ki, vəziyyət çox gərgindi, hər an qırğın ola bilər. Ona görə də, mənə təlim keçdi. Silahlardan, xüsusilə də, qumbaralardan necə istifadə edəcəyimi öyrətdi. Ona görə də mən Xocalıdan o gecə çantamda 2 qranat və 1 bıçaqla çıxmışam. O dəhşətli gecədə nə atam, nə də qardaşım Xocalıdan ayrılmadı. Mən 4 uşaq yanımda gecəylə evdən çıxmağa məcbur oldum. Uşaqlardan ən böyüyünün 10, kiçiyinin isə 6 yaşı vardı.
Zümrüd xanım əlini pəncərəyə uzadır və deyir ki, baxın görün o dağ uşaq gedəsi yoldumu? Kətik dağı, meşəsi, hələ onun arxasında da bir dağ var. Nə çətinliklə dağları aşıb gedib çıxdıq Naxçıvanikə asvalt yola. Elə yola çatan kimi ermənilər baş qaldırdı. Qaynatam dedi ki, bir az burda otur nəfəsini dər. Dedim yox, elə bil, biri mənə dedi ki, burada dayanmaq olmaz. Tanımadığım yolla getməyə başladıq. Elə 10 dəqiqə keçməmiş ermənilər Qaraqayadan və başqa istiqamətlərdən mərmi yağdırdılar. Qaynanam, qaynatamla birgə orada xeyli insan elə yerindəcə döşəli qaldı.
Leylanı tapın!
Qaçıb bu müsibətdən qurtaran da oldu, yollarda, meşədə qanına qəltan olanlar da. Oğlanlar məndə qaldı, qızım Leyla atası ilə qalmışdı. Yoldaşm mühasirəyə düşəndə deyib ki, qızımı da aparın. Qızım meşədə bir yolka ağacının koğuşuna sığınıbmış. Həyat yoldaşım ata-anasının meyitini görəndə sanki havalanmışdı. Mən qızımı görməyəndə dəhşətə gəldim, hönkürtüylə ağlamağa başladım. Dedilər ki, ağlama, ermənilər gəlib hamını qıracaq, heç olmasa bu uşaqları sağ-salamat apar. Ağdamdan bizə köməyə gəldilər. Yoldaşım yenidən meşəyə qayıtdı ki, Leylanı axtarsın. Səhərə yaxın meşədə qızımı yolka ağacının koğuşundan tapıb gətirdi. Həmin şəhid olan bacım oğlu Zahid Leylaya Moskvadan bir şuba alıb gətirmişdi. Leyla yaxşı ki, onu geyinmişdi, yoxsa donardı. Əvvəlcə atası canlı görəndə elə bilib ki, itdi. Sonra avtomatın ucuyla vurub görüb ki, öz balasıdı... Donmuş balasını bağrına basıb. Yanında əsgərlər varmış. Deiblər ki, belə apara bilməyəcəksən. Leyla 9 yaşında dolu uşaq idi... Uşağı Ağdam xəstəxanasına çatdırandan sonra ayılmışdı.
Doğrudanmı mən öz evimdəyəm?...
İndi biz 44 ailə gəlib Xocalıda öz evimizə yerləşmişik. Bura köçəndə düz bir həftə yatmadım, bu divanda oturub baxmışam ki, görəsən doğrudanmı mən Xocalıda öz evimdəyəm. Qızım deyir, ana, orda tək necə qalırsan, heç Bakı yadıma düşmür? Deyirəm, yox, sizi ürəyim istəsə də də, mən o qədər evimdə istilik hiss edirəm ki, buranın elə həsrətini çəlmişəm ki, sanki bir addım atsam yaşaya bilmərəm...
Xocalı faciəsi günü mənim 37 yaşım tamam olurdu. İndi 70 yaşının içindəyəm. O gecənin dəhşəti unudulası deyil. Atam, atamın bacısı şəhid olub, tapmamışıq. Əmim oğlanları şəhid olub onların da nəşi yoxdu. Bizə çox zülm oldu. Bir qardaşımın iki balası, yoldaşı, onun anası şəhid olub meyitləri tapılmayıb. Qaynanam, qaynatamın nəşi tapılıb onlar Ağdamda dəfn edilib. Düzdü, başqa yerlərdə də müsibətlər baş verdi, amma Xocalı hər dərddən betər oldu...
O vaxt Yenikənddən mikrofonla deyirdilər ki, ay xocalılar çıxın, sizi qıracağıq. Deyirdik çıxmayacağıq, erməni bizə neyləyəcək. Bizi erməni qırmadı, 366-cı rus alayı qırdı. Erməni kim idi, o heç bizə cavab verə bilmirdi...
Sağ olsun Müzəffər Ali Baş Komandanımızı, şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin. Onların sayəsində biz bu gün öz doğma torpağımızda, evimizdəyik.
Zümrüd xanım Naftalanda məcburi köçkün həyatı yaşayanda Xocalı Polis şöbəsinin müdiri Sadiq müəllim ona deyib ki, ay kişi, o qranatları gətir ver, aparım qoyum şöbəyə. Bəli, Xocalıdan olan bu Azərbaycan xanımına qadın yox, bir kişi kimi müraciət edilib. Bax, elə ona görə də, düşünürsən ki, hər bir Xocalı şahidi kişili-qadınlı bir qəhrəmandır.
Qəhrəman Xocalının mərd övladları, gözünüz aydın olsun, qisasımız alındı.
Doğma, azad Xocalıda eviniz-eşiyiniz mübarək olsun!
Mina RƏŞİD