Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib.
Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə, yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı günlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Qeyd edək ki, uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundan hava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddigünlük dövrü əhatə edir.
xocalininsesi.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən hava şəraitinə gəlincə N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən 13-dək hava şəraiti qeyri-sabit keçəcək: "Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb küləyinin sürətinin saniyədə 15-20 metrədək güclənəcəyi ehtimalı var. Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilin yanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcə isti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədək şaxta qeydə alınıb".
Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarına əsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub: "Həmin il Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ən isti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə havanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cü ilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağı istisna olunmur".
xocalininsesi.az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mənbə: https://news.milli.az/weather/1173281.html