Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Həyatını İnsanlara Həsr Etmiş Nur Simalı Alim

0

  • Azərbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olan, oftalmologiya sahəsinin korifeylərindən biri kimi tanınan akademik Zərifə Əliyeva, həm elm, həm də insanlıq müstəvisində parlaq bir ömür yaşamış, öz həyat yolu ilə gələcək nəsillərə nümunə olmuşdur. O, yalnız alim və həkim kimi deyil, həm də ana, həyat yoldaşı, müəllim və ziyalı kimi də xalqın yaddaşında silinməz iz qoymuş şəxsiyyətdir.
    Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlmişdir. Atası – professor Əziz Əliyev Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış ziyalılardan biri idi. Belə bir ailədə dünyaya gələn Zərifə xanım da uşaq yaşlarından elmə, zəhmətə və insanlara xidmətə bağlı ruhda tərbiyə almışdır. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Zərifə xanım, elə həmin gündən ömrünü insanlara şəfa verməyə, gözə nur bəxş etməyə həsr etdi.
    1949-cu ildən Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım, 1950-ci ildən aspiranturaya daxil olaraq traxoma xəstəliyinin müalicəsi ilə bağlı araşdırmalara başladı. XX əsrin ortalarında Azərbaycanda ciddi sosial problemə çevrilmiş traxoma xəstəliyinin qarşısının alınmasında onun müstəsna xidmətləri olmuşdur. O, bu sahədə apardığı tədqiqatlarla, yaratdığı müalicə metodları ilə xəstəliyin yayılmasına qarşı uğurlu mübarizə aparmış və həmin üsullar qısa zamanda bütün ölkədə tətbiq olunmağa başlamışdır. Bu müalicə metodları sayəsində traxoma Azərbaycanda aradan qaldırılmış və bu uğur Zərifə Əliyevanın elmi fəaliyyəti ilə sıx bağlı olmuşdur.
    O, oftalmologiya sahəsində təkcə infeksion xəstəliklər deyil, peşə patologiyaları və kimyəvi təsirlərin göz orqanına təsiri mövzularında da mühüm tədqiqatlar aparmışdır. “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı doktorluq dissertasiyası, dünya səviyyəli oftalmoloji mərkəzlərdə yüksək qiymətləndirilmişdir. Bu dissertasiya ona tibb elmləri doktoru elmi dərəcəsi qazandırmış, eyni zamanda sənaye oftalmologiyasının əsas istiqamətlərini müəyyən edən ilk fundamental işlərdən biri kimi tarixə düşmüşdür.
    Zərifə xanımın 150-yə yaxın elmi işi, onlarla dərslik və dərs vəsaiti, o cümlədən “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəlikləri”, “Şin istehsalında gözün peşə patologiyası” kimi monoqrafiyaları həkimlər üçün dəyərli mənbə olmuşdur. O, həmçinin təcrübəli pedaqoq kimi yüzlərlə gənc həkim və alimlərin yetişməsində əvəzsiz rol oynamışdır.
    1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının ən nüfuzlu mükafatı sayılan akademik M.İ.Averbax adına mükafata layiq görülməsi, onun oftalmologiya sahəsində apardığı araşdırmaların elmi və praktiki əhəmiyyətinin ən yüksək səviyyədə qiymətləndirilməsi idi.
    Zərifə Əliyeva eyni zamanda geniş ictimai fəaliyyətlə də məşğul olmuşdur. Sülhü Müdafiə Komitəsinin, “Bilik” Cəmiyyətinin və bir çox beynəlxalq elmi təşkilatların fəal üzvü olan alim, həm də səmərəli maarifçilik fəaliyyəti ilə tanınırdı. Həyatı boyu insanlara xidmət etməyi özünə vəzifə bilmiş bu nurlu insan, ictimai məsələlərdə də fəal mövqe tuturdu.
    Zərifə xanım həm də gözəl bir ailənin sütunu, övladlarına yüksək mənəvi dəyərləri aşılayan bir ana olmuşdur. Ümummilli Lider Heydər Əliyev, həyat yoldaşı Zərifə xanım haqqında xatirələrində onun ailə mühitində yaratdığı səadət, tərbiyə və dəstəyin həyatında nə qədər böyük rol oynadığını dəfələrlə vurğulamışdır. İlham Əliyev isə anasının həyat fəlsəfəsini, uşaqlığa, ailəyə və şəfqətə verdiyi əhəmiyyəti hər zaman böyük ehtiramla qeyd etmişdir.
    Zərifə xanımın həyatı, onun insanlara bəxş etdiyi nur, şəfqət və elmi irsi, sadəcə bir alimin yox, əsl ziyalının, əsl insanın örnəyidir. 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyeva, 1994-cü ildə doğma Vətəninə – Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.
    Onun anım günü – aprelin 15-i təkcə bir şəxsiyyətin yox, Azərbaycan qadınının elmə, insanlığa və vətənə bağlılığının simvolu kimi hər il dərin ehtiramla yad olunur. Zərifə Əliyeva adı bu gün də nur kimi parlayır, ruhu yüzlərlə gənc həkimə yol göstərir.
    Xocalı rayon ziyalısı Elxan Salmanov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib23 dəfə
    Həyatını İnsanlara Həsr Etmiş Nur Simalı Alim

    Maraqlı gələ bilər
    145
    92