29.12.2023-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və dövlət təhsil siyasəti ” mövzusunda ümumrayon tədbiri keçirildi.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov, rayon ziyalıları, təhsil işçiləri, şəhid ailələri və qazilər iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq dahi şəxsiyyət Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, keçirdiyi hüquqi islahatlardan danışdı. Bildirdi ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirilən ardıcıl islahatlar nəticəsində təhsil müəssisələrinin sayı və şagird kontingenti yenidən bərpa olundu. Gənclərimizin təhsil sahəsinə yönləndirilməsi istiqamətində mühüm işlər görüldü. Sevindirici haldır ki, Cənab Prezidentimiz tərəfindən gənclər siyasəti uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin qorunmasında, Müasir Azərbaycanın daha da gücləndirilməsi istiqamətində bu strategiya öz töhfəsini verir.
Sonra çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin Xocalı və Xocavənd rayonları üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Xəyyam Cəfərov çıxışında Ulu öndər Heydər Əliyevin apardığı təhsil siyasətindən ətraflı məlumat verdi, rayon təhsilinin uğurlarından danışdı. Xəyyam Cəfərov bildirdi ki, Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Daha sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elməddin Bağırov “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda və sektorun 2023-cü ildə gördüyü işlər barədə məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq bu gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
“Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov məktəblərdə təhsil alan şagirdlərin sağlamlıqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verdi. Aqil Məmmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edildiyi və hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görüldüyünü diqqətə çatdırdı. Qeyd etdi ki, TƏBİB-in tabeliyində olan Xocalı Rayon Mərkəzi Xəstəxanasında influenza virusuna (qrip) qarşı peyvəndləmə prosesi uğurla davam edir. Xocalı Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən Xocalı şəhər 4 saylı tam orta məktəbdə, 1 saylı Uşaq və körpələr evində və digər təhsil ocaqlarımızda uşaqların icbari dispanserizasiyası həyata keçirilib. Səhhətində problemləri olan uşaqlar qeydiyyata alınıb. Uşaqların icbari dispanserizasiyası davamlı olaraq aparılır.
Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bildirdi ki, Azərbaycan Respublikasının siyasi, sosial-iqtisadi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, fəaliyyəti, dərinməzmunlu ideyaları, tapşırıq və tövsiyələri, zəngin irsi özünü göstərməsin. Şübhə yoxdur ki, bu gün ölkəmizin əldə etdiyi bütün uğurları nəzərdən keçirsək, onların məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsindən qaynaqlandığının bir daha şahidi olarıq. Bu gün Azərbaycanın qazandığı nailiyyətlərin, sosial-iqtisadi inkişafının, o cümlədən torpaqlarımızın işğaldan azad olunmasının təməlində məhz Ümummilli Liderin təhsil siyasətinin də dayandığını söyləsək, yanılmarıq.
Rayon təhsilinin, gənclərimizin nailiyyətləri ilə qürur hissi duyduğunu bildirən Şahmar Usubov doğma Xocalımızda da hər sahədə uğurlar əldə edəcəyimizə əmin olduğunu vurğuladı.