Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyev və hüquqi dövlət quruculuğu

5/5

  • Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi azərbaycanlı, ulu öndər Heydər Əliyevin 101 illik yubileyi günlərində müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən Vətən, xalq qarşısında misilsiz xidmətləri bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunur.
    Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.
    Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
    Ümummilli liderimizin 1969–1982–ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.
    Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
    Məhz belə bir mürəkkəb vəziyyətdə 1993–cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə demokratik–hüquqi dövlət yaratmağa müvəffəq oldu.
    Təsadüfi deyil ki, 1993–cü ildə ulu öndərimiz qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
    Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik–hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai–siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə–dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi.
    Hüquq–mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc–mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu.
    Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat–qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.
    Demokratik–hüquqi dövlət quruculuğu prosesi də tam ictimai–siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.
    Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
    Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi cox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etmişdir.
    “Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.
    Danılmaz faktdır ki, 1995–ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir. Dahi rəhbər qeyd olunan Komissiyanın 10 noyabr 1995–ci il tarixli iclasında demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq”.
    Həqiqətən də, bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik–hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.
    İlk dəfə olaraq Konstitusiyamızda fransız siyasi mütəfəkkiri Monteskyönün irəli sürdüyü və demokratik–hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyət bölgüsü prinsipi təsbit olundu.
    Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar aparmağa başladı və bu məqsədlə 1996–cı ildə Hüquqi İslahat Komissiyası yaratdı.
    Qeyd olunmalıdır ki, həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və islahatlara şəxsən rəhbərlik etdi.
    Gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi.
    İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderimizin 1998–ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.
    Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri də ölüm cəzasının ləğvi olmuşdur. 1993–cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998–ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.
    Ümummilli liderimiz 3 fevral 1998–ci il tarixli müraciətində deyirdi: “Mən cinayət–hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Bir qədər sonra, həmin ilin dekabrında BMT–nin ümumdünya insan hüquqları bəyannaməsinin 50 illik yubileyi tədbirində bu addıma qiymət verərək, o demişdi: “Ölüm hökmünün ləğv olunması hansısa bir cinayətkara rəhm etmək məqsədi daşımır. Bu, ümumbəşəri, ümumxalq əhəmiyyətinə malik bir məsələdir. Ölüm hökmünün ləğv olunması onu göstərir ki, respublikamız, müstəqil Azərbaycan dövləti humanist siyasət aparan bir dövlətdir”.
    1995–ci ildə Konstitusiyamızın qəbulu ilə ölkəmizdə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, o cümlədən hüquqi dövlətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi.
    Təbii ki, müstəqil məhkəmə hakimiyyəti yaratmadan mükəmməl siyasi sistem qurmaq mümkün olmazdı. Belə məhkəmə hakimiyyəti yaratmaq üçün isə ölkədə genişmiqyaslı məhkəmə–hüquq islahatları aparılmalı idi.
    Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının, ilk öncə, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktlarda və həmçinin, İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasında və yeni Konstitusiyamızda yer almış prinsip və normalara uyğunlaşdırılması bu prosesin vacib tərkib hissəsi idi.
    Dahi öndərin rəhbərliyi ilə aparılmış köklü məhkəmə–hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000–ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.
    Bu gün tam əminliklə deyə bilərik ki, hələ illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidməti nəticəsində yaradılmış müstəqil və qüdrətli Azərbaycanın bütün sferalarının olduğu kimi, hüquq sisteminin də bəhrəsini görəcək və ulu öndərin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
    Natiq İbrahimov,
    Xocalı rayon prokurorluğunun müstəntiqi,
    III dərəcəli hüquqşünas
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi6 ay öncə
    İzlənib158 dəfə
    heydər Əliyev hüquqi dövlət quruculuğu

    Maraqlı gələ bilər
    110
    56
    55
    18