Bu gün müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
Dekabrın 12-də Xocalı rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının əməkdaşları, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər Heydər Əliyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoydular, xatirəsinə hörmət və ehtiramlarını ifadə etdilər.
Xocalı Rayon Mədəniyyət Evində davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva Ulu öndər Heydər Əliyevin xalq və Vətən qarşısında misilsiz xidmətlərindən söz açaraq bildirdi ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Başqa sözlə, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur.
Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Ulu öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni şanlı tarixi yazılıb, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub.
Sonra “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” adlı film nümayiş etdirildi.
Daha sonra çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxışında vurğuladı ki, Azərbaycanımızın hərtərəfli inkişafına imza atmış Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. YAP-ın yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi.
Bu gün əminliklə demək olar ki, yaradıcısı Ümummilli Lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.
Yekun olaraq çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov bildirdi ki, hər bir dövlətin formalaşmasında bir dahi şəxsiyyət rol oynayır. Azərbaycanın dövlət olması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev birinci hakimiyyəti dövründə çalışırdı ki, ölkəmiz hərtərəfli inkişaf etsin ki, müstəqillik dövründə özünü idarə edə bilsin. Ümummilli lider Azərbaycanı aqrar kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevirmişdir. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlərin ucbatından Azərbaycanı xaos bürümüşdü, vətəndaşlıq müharibəsi baş vermək üzrə idi, krimonegen vəziyyət yaranmışdı. Azərbaycanı bütün bu bəlalardan xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyev xilas etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.
Şahmar Usubov qeyd etdi ki, Heydər Əliyevin bünövrəsini qoyduğu inkişaf yolunun nəticəsi olaraq ölkəmizin iqtisadi yüksəlişi başladı, ordu quruculuğu prioritet sahə kimi diqqətdə saxlanıldı. Ulu öndər Heydər Əliyevin siyası varisi, özü qədər inandığı Prezident İlham Əliyev Vətən müharibəsində ata nəsihətini yerinə yetirdi. 44 günlük müharibədə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi həm ordumuza, həm də xalqımıza ruh yüksəkliyi verdi.
Ulu öndər hər zaman deyirdi: “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Biz də fəxr edirik ki, ulu öndərimizin əmanəti olan, onun ideyalarını yaşadan, inkişaf etdirən, gündən-günə müasirləşdirən Azərbaycanın, ən əsası güclü dövlətçilik təməli olan bir ölkənin vətəndaşlarıyıq. Bu xoşbəxtliyi bizə bəxş edən ulu öndər Heydər Əliyevə əbədi minnətdarıq və qəti əminik ki, dahi öndərimizin ideyaları neçə-necə gələcək nəsilləri yüksək ideallar uğrunda mübarizəyə ruhlandıracaqdır.