Mən özüm adi bir Azərbaycan vətəndaşıyam. Qarabağ mənim üçün təkcə bir ərazi deyil, həm də uşaq vaxtımdan atamın xatirələrində eşitdiyim, könlümə hopmuş bir tarixdir. O yerlərin necə gözəl olduğunu, orada keçirilən idman yarışlarını atam həmişə qürurla danışardı. İndi isə, çox şükür, öz gözlərimlə o dirçəlişi görürəm.
Bilirsiniz, Qarabağın azad edilməsi təkcə hərbi zəfər deyildi. Bu, bizim xalqın dirənişi, inamı və gələcəyə ümidinin qələbəsi idi. Amma indi iş təkcə torpağı geri qaytarmaqla bitmir, onu yaşatmaq, canlandırmaq da bizim vəzifəmizdir. Və bu gün Qarabağın yenidən doğulmasında idman çox böyük rol oynayır.
Ağdamda tikilən böyük stadionu eşidəndə kövrəldim. O stadionda gənclərimizin futbol oynadığını, beynəlxalq yarışlarda iştirak etdiyini təsəvvür etmək belə insana qürur verir. Hər kəs üçün adi bir stadion ola bilər, amma bizim üçün o, zəfərin və gələcəyin simvoludur. Şuşada keçirilən idman tədbirlərini görəndə də hiss edirsən ki, bu, sadəcə bir yarış deyil. Bu, Qarabağın yenidən doğuşunun bir hissəsidir.
Azad edilmiş ərazilərdə bir çox idman obyektləri tikilir. Suqovuşanda avarçəkmə yarışlarının keçirildiyini eşidəndə sevindim. Bu kiçik addımlar böyük məqsədlərə aparır. Hələ Füzuli və Xankəndində tikilən idman komplekslərini gözləyirik. Orada təkcə idmançılar deyil, o torpaqların uşaqları da yetişəcək, gələcəyin çempionları doğulacaq.
Mənə görə, idman yalnız fiziki güc və ya qələbə deyil. Bu, birlikdir, inamdır, gələcəyə baxışdır. Qarabağda idmanın dirçəlməsi o deməkdir ki, biz təkcə bir torpağı deyil, həm də onun ruhunu geri qaytarırıq. İndi bu torpaqlarda doğulan uşaqlar qalib xalqın nümayəndələri olaraq böyüyəcəklər. Onlar döyüşlərdə yox, meydanlarda, stadionlarda Azərbaycan bayrağını yüksəldəcəklər.
Hər dəfə Qarabağ haqqında danışanda qəlbimdə bir ümid oyanır. Gəlin, bu ümidimizi itirməyək. Qarabağı daha da gözəl edək, gənclərimizi idmana təşviq edək, beynəlxalq yarışlarda Azərbaycan adını yüksəklərə qaldıraq. Axı Qarabağ indi təkcə keçmişin yox, həm də gələcəyin rəmzidir. Bu torpaqlara nəfəs verən hər kəsə, hər təşəbbüsə dəyər vermək bizim borcumuzdur.
Qarabağ bizimdir, Qarabağ güclüdür, Qarabağ yaşasın!
Xocalı rayon ziyalısı Ramiz Qəhrəmanov