Azərbaycanın öz ərazi bütövlüyün və suverenliyini tam bərpa etməsi bəzi xarici qüvvələrin yuxusunu ərşə çəkib. Onlar xeyli müddətdir ki, ölkəmizə qarşı müxtəlif planlar qurur, qarayaxma kampaniyaları aparırlar. Eyni zamanda bu qərəzli qüvvələr öz təsirləri altında olan bir sıra beynəlxalq qurumlarda ölkəmiz əleyhinə qətnamələrin qəbuluna, hətta sanksiyaların tətbiqinə çalışırlar. Bu çirkin oyunlar İkinci Qarabağ müharibəsindən bu yana davam edir.
Təəssüf ki, Avropa Paramentindən sonra indi də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan əleyhinə fəaliyyətə başlayıb. AŞPA-nın qış sessiyasının açılış günü, yəni yanvarın 22-də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü irəli sürülüb. Səbəb kimi isə guya insan haqları, qanunun aliliyi, Qarabağdan “erməni sakinlərin zorakılıqla çıxarılması”, AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin azı 3 dəfə baş tutmaması, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsi göstərilib.
Bu təşkilat ötən müddət bir üzv dövlətin digər üzv dövlət tərəfindən ərazilərinin 20 faizinin 30 ilə yaxın işğalda qalmasına, həmin əraziləri dağıdıb yerlə-yeksan etməsinə, narkotik, silah ticarətinin, terrorçuların yuvasına çevirməsinə heç bir reaksiya verməyib. Baxmayaraq ki, bununla bağlı faktlar dəfələrlə təqdim edilib. Həmin AŞPA 1 milyona yaxın insanın 30 il yurd həsrəti çəkməsinə susub, Ermənistana heç bir təzyiq etməyib. Amma insan haqlarını özünün təməl prinsipi elan edib. Onda sual olunur, insan haqları AŞPA üçün nə deməkdir? Təzyiq vasitəsi, qərəzi nümayiş etdirmək üçün alətmi?
Azərbaycan Prezidenti haqlı olaraq, Avropa Şurası tərəfindən ölkəmizlə bağlı qəbul edilmiş qərəzli sənədləri adi kağız parçası kimi qiymətləndirir.
Samir İbrahimov,
Xocalı rayon gənci