Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İşıqlı Ömrün Səssiz Qəhrəmanı

0

  • Azərbaycan səhiyyəsinin və elminin parlaq simalarından biri, oftalmologiya sahəsində dərin iz qoymuş görkəmli alim, ictimai xadim, mərhəmətli həkim və nurlu şəxsiyyət – Zərifə Əziz qızı Əliyeva, yalnız peşəsi ilə deyil, həyat tərzi ilə də Azərbaycan ziyalılığının örnəklərindən biri olmuşdur.
    1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım, ziyalı bir ailədə böyümüş, tərbiyəsində elmə, mədəniyyətə və insanpərvərliyə bağlılıq əsas yer tutmuşdur. Gənc yaşlarından təhsilə olan marağı və insanlara kömək etməyə can atan qəlbi onu tibb elminə yönəltdi. 1942-ci ildə Tibb İnstitutuna daxil olan Zərifə xanım, 1947-ci ildə bu təhsil ocağını əla qiymətlərlə bitirərək peşəkar həkim kimi fəaliyyətə başladı.
    Elmi və praktik fəaliyyəti paralel şəkildə davam etdirən Zərifə xanım, 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmağa başladı. 1950-ci ildən aspiranturaya qəbul olunaraq, oftalmologiya sahəsində elmi tədqiqatlara başladı. Onun elmi araşdırmalarının mərkəzində insan sağlamlığı dayanırdı. Xüsusilə traxoma xəstəliyi ilə mübarizədə göstərdiyi fəaliyyət müstəqil səhifə kimi yadda qalmışdır. Azərbaycanın müxtəlif bölgələrində yayılmış bu infeksion xəstəliyin aradan qaldırılmasında onun tətbiq etdiyi müalicə üsulları böyük uğur qazandı və respublika üzrə geniş yayıldı.
    O, təkcə bir elm adamı kimi deyil, həm də sosial məsuliyyət daşıyan vətəndaş kimi fəaliyyət göstərirdi. Kimsəsiz uşaqlar, aztəminatlı ailələr, əyalət bölgələrindəki xəstələr onun daim diqqətində olmuşdur. Bu işlər, onu sadəcə göz həkimi deyil, qəlb həkimi kimi tanıtdı.
    Zərifə xanımın elmi fəaliyyəti 1960-cı illərdən etibarən daha geniş vüsət aldı. O, peşə oftalmologiyası ilə bağlı mühüm tədqiqatlar aparır, müxtəlif kimya və sənaye müəssisələrində çalışanların görmə orqanlarının vəziyyətini araşdırırdı. Onun doktorluq dissertasiyası – “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” – təkcə elmi yenilik deyildi, həm də peşə xəstəlikləri ilə mübarizədə praktik töhfə idi.
    Zərifə Əliyevanın adı ilə bağlı monoqrafiyalar, dərsliklər və elmi məqalələr bu gün də aktuallığını qorumaqdadır. Xüsusilə “Terapevtik oftalmologiya” adlı fundamental əsər, oftalmoloqlar üçün əvəzsiz mənbəyə çevrilmişdir. Onun elmi irsi 150-yə yaxın əsəri, 12 monoqrafiyanı, bir ixtiranı və bir çox səmərələşdirici təklifləri əhatə edir.
    O, oftalmologiyanın inkişafına verdiyi töhfəyə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına nüfuzlu mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın alim olmuşdur. Bu, Zərifə xanımın yalnız elm adamı deyil, həm də qadın olaraq cəmiyyətə verdiyi dəyərin yüksək qiymətləndirilməsi idi.
    Zərifə Əliyeva, həm də ailə dəyərlərinə sadiq bir ana, ömür-gün yoldaşı, qayğıkeş həyat yoldaşı idi. Onun həyat yoldaşı – Ümummilli Lider Heydər Əliyev, hər zaman Zərifə xanımın ailə daxilində yaratdığı yüksək mənəvi mühiti, fədakarlığını və sədaqətini xüsusi vurğulamışdır. O, həm övladlarına, həm tələbələrinə, həm də cəmiyyətə ana mərhəməti ilə yanaşan bir qadın idi.
    Onun həyat fəlsəfəsi – sadəlik, sədaqət, zəhmət və mərhəmət idi. Həkimlik sənətinə dair dediyi məşhur fikri bu gün də yaddaşlarda yaşayır: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır.”
    Zərifə xanım Əliyeva 1985-ci ilin aprelin 15-də Moskvada dünyasını dəyişmiş, sonradan Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun itkisi yalnız ailəsi üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün böyük bir itki idi. Lakin arxada qoyduğu zəngin elmi irs, xatirəsi və işıqlı obrazı bu gün də yaşayır.
    Zərifə xanımın anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən silsilə tədbirlər həyata keçirildi. Bu, onun xalq üçün nə qədər dəyərli olduğunun daha bir sübutu idi.
    Akademik Zərifə Əliyeva – elmin, humanizmin və Azərbaycan qadınının rəmzinə çevrilmiş bir ömür. O, yaşadığı dövrdə öz adı ilə tarix yazdı, bu dünyadan köçsə də, ölməz bir irs buraxdı. Onun işıqlı xatirəsi daim yaşayacaq.
    Xocalı rayon ziyalısı Elxan Zamanov
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaXocalı rayonu
    Yerləşdirdi
    Yerləşdirildi1 həft. öncə
    İzlənib24 dəfə
    İşıqlı Ömrün Səssiz Qəhrəmanı

    Maraqlı gələ bilər
    208
    7
    94
    125