Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İtmiş illərin sorağında...

6/3

  • Müzəffər Ordumuzun həyata keçirdiyi antiterror əməliyyatından sonra erməni seperatçıları torpaqlarımızdan təmizləndi və suverenliyimiz bərpa olundu. Çox şükür bu günlərə ki, digər keçmiş məcburi köçkünlər kimi artıq xocalılar da öz doğma torpaqlarına qayıdırlar, yaşayış yerlərimizin bərpası işlərində fərəhlə çalışırlar. Doğma torpaqlarda itirilmiş gənclik illərinin, xatirələrin arxasınca yol alan sakinlərimizdən biri də Əliyev Şakir Sabir oğludur. Şakir Əliyevə, əmisi oğlu Möhübbət Əliyev, kürəkəni Araz Quliyevlə birlikdə 2023-cü ilin noyabrın 22-də doğma torpaqlarımızı ziyarət etmək qismət olub. Düzdür, Şakir müəllimin təəssüratlarını olduğu kimi ifadə etmək mümkün deyil. Ancaq yaşadığı o sevinc-kədər, qürur-məyusluq, vüsal-həsrət qarışıq hisləri qələmə almağa çalışdım.

    - Doğma yurd həsrətilə, elimi-obamı, əcdadlarımızın uyuduğu torpaqları ziyarət etmək, ata-anamızın böyük zəhmət hesabına qurub-yaratdığı yurd-yuvanı, bütövlükdə kəndimizin coğrafi mövqeyini görmək, mövcudluğunu bilmək; varmı, yoxmu öyrənmək, hansı formaya, hansı hala düşdüyündən xəbərdar olmaq məqsədilə portaldan keçərək kəndimizə üz tutduq. Ballıca – Çayqovuşan – Qaragav istiqamətində hərəkət edərək doğma yurda tərəf yol aldıq. Antiterror əməliyyatına qədər Qırxqız silsiləsindən Laçına aşırım olan Ayğır yaylağı deyilən ərazidə ermənilər post qurmuşdu. Sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində həmin ərazilər də işğaldan azad olundu. Əvvəllər Qırxqızın Laçın üzündən kəndimizə tərəf boylanırdıq, videoçəkilişlər edirdik. Kəndi təsəvvür etməyə çalışırdıq. Kəndin necə olduğu uzaqdan aydın deyildi. Sanırdıq ki, kəndin evləri dağılsa da, ümumi görünüşü çox dəyişməyib. Ancaq əslində elə deyil. Belə ki, kəndə daxil olarkən hər tərəfi sıx kolluqlar aldığını gördük. Evlər tamamilə viran edilib. Həyətlərin, viran olmuş evlərin içini kol-kos basıb. Evlərin dağılmış divarlarına yaxın hərəkət etmək mümkün deyil. Kənddə 2-3 evi çıxmaq şərtilə heç bir evin həndəvərinə yaxınlaşmaq olmur. Kənd ərazisində olan adi biçin yerlərini belə meşəliklər tutub. Qəbiristanlığı da sıx pöhrəlik alıb.

    Şakir Əliyev qoynunda göz açdığı ata-baba yurdunun bu qədər dəyişdiyinə, tanınmaz hala salındığından heyrətlə danışır:

    - Kənddən ayrılanda 33 yaşım var idi. İndi əmək fəaliyyətimin yekunlaşdığı bir dövrdəyəm. Mən 31 il ərzində ağlıma gəlməzdi ki, kəndimiz bu qədər dəyişə bilər. Əgər kənddə yaxın zamanlarda abadlıq işləri aparılmasa, getdikcə daha tanınmaz hala düşəcək.

    - Doğma torpağa ilk ayaq basanda hansı hisləri keçirdiniz?

    - Kəndə daxil olarkən Manaf əminin evinin yanında maşını saxlayıb ətrafa baxanda Möhübbəti titrəmə tutdu. Tanıyanlar bilir ki, Möhübbət aldığı xəstəliklər nəticəsində nitqini itirib. Biz ona nəsə olacağından qorxduq. İstədiyimiz formada nə hayqıra, nə bir səs çıxara, nə kəndi çağıra bildik. Möhübbətdən özünü ələ almağını xahiş etdik. Sonra mən yerdən bir ovuc torpaq götürərək axıra kimi yedim. Qum dənələri kimi bərk yerlərini də uddum. Bu bir arzu, niyyət idi. Etdiyimiz ən böyük, ən müqəddəs arzuya belə nail ola bildim. Didərginlik illərində orta və yaşlı nəslin nümayəndələrindən əksəriyyəti yurd həsrətilə dünyasını dəyişib. Qohum-əqrəbalarım Oğuz rayonunun şəhər qəbiristanlığında uyuyur. Kənddən bir qədər torpaq gətirib oğlum Anarla aparıb həmin qəbiristanlıqda uyuyan insanların qəbrinin üstünə səpdim. Bununla mən böyük təsəlli tapdım. Ürəyimdəki ən böyük nisgili sanki ata bildim. Bu da mənim üçün ən böyük amal, arzu-niyyət idi.

    Doğma yurda qovuşmağın sevincini, qürurunu yaşayan Şakir Əliyev hər fikrinin tamamında Böyük Zəfər tariximizi, qəhrəmanlıq salnaməmizi yazan oğullara minnətdarlıq edir:

    - Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu həmişə güclü, qüvvətli olsun. Allah Ordumuzu həmişə belə qürurlu, güclü eləsin. Biz məhz onların hesabına ağlımıza gəlməyən, inana bilmədiyimiz yolu qət edə bildik, öz elimizə-obamıza qayıtdıq. Bunun özü böyük qəhrəmanlıqdır. Şəhidlərimizin, qazilərimizin yazdığı qəhrəmanlıq salnaməsi heç bir zaman unudulan deyil. Bu gün biz başımızı dik tuturuq, düşmənin üzünə düz baxa bilirik. Artıq dünya qarşısında, beynəlxalq təşkilatlar qarşısında düşmənimiz xəcalət çəkir.

    Qeyd edək ki, Şakir Əliyev 1959-cu il martın 7-də Qırxqız dağının ətəyində yerləşən, füsunkar təbiəti ilə göz oxşayan Kosalar kənd nümayəndəliyinə tabe olan Qaragav kəndində, həyatı halallıqla yoğrulmuş Sabir kişinin ailəsində dünyaya göz açmışdır. Ana babası vaxtilə İranda ali dini təhsil almış, İslam dininin mahir bilicilərindən olan, sayılıb-seçilən el ağsaqqalı Molla Ədildir. 1966-1968-ci illərdə əvvəlcə doğma Qaragav kəndinin ibtidai məktəbində təhsil alan, sonra isə 1968-1974-cü illərdə ölkəmizin müxtəlif sahələrinə öz töhfələrini verən insanları yetişdirmiş Kosalar kənd məktəbində səkkizinci sinfi bitirən Şakir 1974-1978-ci illərdə Məşədi Əzizbəyov adına Şuşa Pedaqoji Texnikumunda təhsil alaraq ibtidai sinif müəllimi ixtisasına yiyələnmişdir. 1978-ci ildən doğma Qaragav kənd ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayan Şakir müəllim 1978-1980-ci illərdə indiki Rusiya Federasiyası ərazisində hərbi xidmətdə olmuşdur. O, həyatına xoş xatirələr yazılan 1981-1987-ci illərdə Xocalı rayonu Daşbulaq kənd məktəbində işləmiş, erməni separatçıları tərəfindən kənddə yaşayan azərbaycanlıların zorla qovulmasından sonra isə əmək fəaliyyətini 1987-1988-ci illərdə Xocalı rayonu Meşəli kənd məktəbində davam etdirmişdir. Pedaqoji fəaliyyətlə bərabər Şakir müəllim 1984-1988-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda tarix müəllimi ixtisası üzrə qiyabi şöbədə təhsil almışdır. Məlum hadisələrlə əlaqədar Şakir müəllim ali təhsilin sonuncu kursunu Gəncə Dövlət Universitetində təhsil alaraq tarix müəllimi ixtisasına yiyələnmişdir. O, 1989-cu ildən 2013-cü ilə qədər Xocalı rayon Qaragav kənd tam orta məktəbin direktoru olub. 2013-cü ildən 2022-ci ilə qədər Xocalı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsini daşıyıb. Şakir Əliyev hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinin Xocalı rayonu üzrə təhsil sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışır.

    Hərtərəfli biliyə, gözəl nitqə malik olan Şakir Əliyev rayonumuzun dəyərli ziyalılarından biridir. Həmişə dövlətimizə, dövlətçiliyimizə sədaqəti ilə seçilibdir.

    Şakir Əliyev müsahibəsində bildirdi ki, əmək fəaliyyətinin son vaxtlarını keçirir. Yəni artıq təqaüdə çıxmaq vaxtı yetişibdir. Bu da insan həyatının bir çağıdır. Fikrimcə, Şakir müəllim çalışdığı müddətdə hər kəsə yaxşılıq etməyə çalışıb, işlərində məsuliyyətli olub. Məhz bu yaxşı əməllərdən aldığı mənəvi zövq, nəvələrinin uğurları, Xocalımızda yaşayacağı günlər Şakir müəllimin təqaüd həyatını rəngarəng edəcək.
    Hər zaman insanlara qarşı mehribanlığı, dostluqlarda dürüstlüyü, etibarlığı ilə fərqlənən, gözəl ailə başçısı olan Şakir Əliyevin martın 7-də 65 illik yubileyi olacaq. Bu münasibətlə Şakir müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun və mənalı ömür arzulayırıq.
    Qalib BƏYMƏMMƏDOĞLU
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaMəqalələr
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib279 dəfə
    İtmiş illərin sorağında...

    Maraqlı gələ bilər
    39
    52
    54
    50
    94