Şəhid gizir Nəcməddin Quliyevin mübarək nəşi dogma kəndlərinə çatdırılmamış atrıq onun vəsiyyətinə uyğun olaraq Çünzəli kəndinin yoluna asfalt çəkilib. Belə ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi uğurlu lokal antiterror tədbirlərində iştirak edən gizir öz dostu ilə telefonda ona vəsiyyət edib. O, bildirmişdi ki, kəndlərindəki yarımçıq asvalt yolu onun şəhidlik pulu ilə tamamlansın. Nəcməddin dostundan onu da xahiş edib ki, bu barədə doğmalarına heç nə deyilməsin. Çünki o, ailəsinə bu əməliyyatda olduğu ilə bağlı məlumat verməyib. Nəcməddinin sanki ürəyinə dammışdı ki, şəhid olacaq, yoxsa bu sözlər haradan onun dilinə gələ bilərdi. Doğru deyirlər ki, qəhrəmanlar həm də çox mərhəmətli olurlar.
Bu gün böyük ürək sahibi, şəhid gizir Nəcməddin Sadiq oğlu Quliyevin anım günüdür. O, 1998-ci il dekabr ayının 21-də Cəlilabad rayonunun Cünzəli kəndində anadan olub. Nəcməddin orta təhsilini Cünzəli kənd orta məktəbində alıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, gizir Nəcməddin Quliyev 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən Müharibəsində mərdliklə vuruşaraq “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Nəcməddin Quliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəcməddin Quliyev ölkə başçısı İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Məzarın nurla dolsun, ruhun şad olsun, nurüzlü, qəhrəman şəhidim!
Mina RƏŞİD