Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib. Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz bu səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcək. Xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı olduqca vacibdir. Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayılır. Ona görə ki, Azərbaycan dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar, konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Cənab İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Ölkəmizin yaratdığı yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir. Dövlət başçımız onu da qeyd edib ki, həmkarı ilə görüşlər zamanı iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilib. Həmçinin Prezident bildirib ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində: “Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bununla əlaqədar müzakirə aparıldı, müvafiq göstərişlər verildi və gələcək aylar ərzində nümayəndələr bir-biri ilə sıx təmasda olacaqlar”.
Onuda qeyd etmək lazımdır ki, bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident cənab İlham Əliyevin zamanın tələbləri ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın hərtərəfli, dayanıqlı və davamlı inkişafını, insanların layiqli həyat səviyyəsini ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu daha da artıran milli sosial-iqtisadi modelin uğurları və milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Bahar Əliyeva,
Xocalı rayon Qaragav kənd tam orta məktəbin müəllimi