“Laçında hərbçilərin olduğu avtomobilin qəzaya uğraması ilə bağlı daxil olan məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Bunu Oxu.Az-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
F.Əliyev bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Mənbə: oxu.az