Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Heydər Əliyev
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 9avqust 2001-ci il tarixli fərmanı ilə hər il ölkəmizdə avqust ayının 1-i “Azərbaycan dili və Azərbaycan əlifbası günü”kimi qeyd edilir.Ulu Öndər latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbanın müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm bir məsələ olduğunu nəzərə alaraq həmin fərmanı imzalamışdır.
Dil təkcə ünsiyyət vasitəsi deyil. Hər bir xalqın dili onun varlığının təsdiqi, milli sərvəti, tarixi, ədəbiyyatı və mədəniyyəti deməkdir. Mədəniyyətin tərkib hissələrindən biri həmin xalqın əlifbası və yazı sistemidir. Xalqın maddi-mədəni nailiyyətlərinin əldə olunmasında, inkişafında, milli dilin, elmi əlaqələrin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisində mədəni və mükəmməl əlifba sisteminin olması vacib şərtdir.
Azərbaycanın digər sərvətləri kimi əlifbası və dili də zaman - zaman yadellilərin təzyiqinə və tarixin müxtəlif dövrlərində müəyyən səbəblərə görə bir neçə dəfə dəyisdirilməyə məruz qalmışdır. Lakin bu təzyiqlərə baxmayaraq xalqımız öz dilinin və əlifbasının məhv edilməsinə imkan verməmişdir.
Ümummilli Lider Heydər Əliyevdən sonra onun siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyev doğma dilimizə və milli adət -ənənələrimizə hər zaman qayğı ilə yanaşmışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2004-cu ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi" haqqında sərəncam imzalamiş və bununla milli kitabxana fondunu zənginləşdirmişdir.
Artıq Azərbaycan dili yetərincə inkişaf etmiş və diplomatiya aləminə yol açmışdır.Azərbaycan dilinin və əlifbasının qorunub saxlanılması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Dilimizə və əlifbamiza hörmətlə yanaşmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Vəsilə Quliyeva,
Xocalı rayon Kosalar kənd tam orta məktəbin müəllimi