1954-cü il dekabrın 25–də Xocalı rayonunun Kosalar kəndində Mürsəl Quliyevin ailəsində Sevil adlı bir qız övladı dünyaya gəldi. Şirinli-acılı, keşməkeşli ömür yaşadı bu övlad. Atalı-analı yetimçilik gördü, yaşadı. Buna baxmayaraq, güclü idi. Həyat özü insanları sınağa çəkdikcə, enişli-yoxuşlu yollardan keçirdikcə, sən demə, insan güclənirmiş, müdrikləşirmiş. Mərdliyi, cəsarətliliyi, düzlüyü, doğruluğu, namus-qeyrəti, gözəl duruşu ilə seçildi bu xanım.
Necə bir ömür yaşadı, həyat nələrdən imtahan etdi?
1972-ci ildə Xocalı sakini Kamil Əbdülov ilə ailə qurdu. Üç oğul övladı doğuldu bu ailədə. Bir çox çətinliklər olsa da həyatında, əslində xoşbəxt olmağı bacardı Sevil xanım. 1992-ci il 26 fevral Xocalının Faciəsi baş verən günə kimi...
1992-ci il fevralın 26-da Xocalıda olan Sevil xanım qəfil gələn xəbərə əsasən digər dinc sakinlərlə birlikdə evlərini tərk edib meşəyə doğru qaçmağa çalışırdı. Məqsədləri sağ-salamat Ağdam şəhərinə keçmək idi. Amma belə bir atalar sözü var “Sən saydığını say, gör fələk nə sayır”. Gecənin qaranlığı ağır texnikalardan atılan atəşlərin işıqları ilə işıqlanmışdı. Ağ qarın üzərində insanların qan izləri ilə necə dəhşətli tablo yaratmışdı İlahi! Bu ah-fəryadlar, nalələr, ağılar və güllələrin səsindən insan vahimələnirdi. Hər istiqamətdən gələn “güllə yağışı” yolu çaşdırırdı. Bu güllə Sevil xanımın kiçik oğlu Ceyhun Əbdülovdan yan keçmədi. Sol qolunun önündən dəyən güllə kürəyindən - ürəyinin 5 mm-liyindən çıxdı. Al-qana bələnmiş balasını bağrına basdı Ana! Göz yaşı ilə yumağa çalışdı yaranı. Yerdəki qardan ovuclayıb yaranın üzərinə qoyan Ana Ceyhunu əzrayılın əlindən almağa çalışdı. Ceyhun özünü toparlayıb “Ana mən yaralıyam, sən dayanma, əsir düşməmiş keç Ağdama, mənə kömək göndərərsən” deməsinə baxmayaraq, anası bir addım belə uzağa getmədi. Əksinə daha da bərk sarıldı balasına. Qan itirdikcə üşüyən-titrəyən Ceyhunu Sevil xanım öz nəfəsilə isitməyə çalışırdı. Ətrafda baş verən müharibə davam edirdi. Birazdan başından qəlpə yarası alan ananın qanının axmasına baxmayaraq, əlləri oğlunun ürəyinin üzərində idi. Allahdan övladına möhlət istədi, kürəyinə alıb Ceyhunu aparmaq istədi. Amma fikrindən yayındı, çünki ayaq üstə yerimək mümkün deyildi. Çarəsiz kolun arxasında gizlənməyə çalışırdılar. Gecə saat 3-4 radələrində erməni silahlıları qarət və sağ qalan yaralıları əsir götürmək üçün əraziyə gəldilər. Ana-bala iri addımlarla onlara yaxınlaşan mənfur erməniləri təşvişlə izləyirdilər. Anadan öncə pulu-qızılı aldılar, sonra oğlunu istəyəndə hər ikisinin yaralı olduğunu görüb əsir götürdülər. Dəhşətli gecə idi. Nə qədər döyüb Ananı baladan ayırmağa çalışsalar da bu istəklərinə ermənilər nail ola bilmədi. Ana yaralı balasını daha da bərk basdı bağrına! Oğlunun ürək döyüntüsü Sevil xanımın yaşamaq gücünə çevrildi.
Gecə erməni zirzəmisinə gətirilən Ana ilə oğlu burada Qafar adlı yaşlı bir azərbaycanlının da olduğunu görürlər. Səhərə yaxın Sevinc adında 18 yaşlı bir qız da əsir olaraq gətirildi bu zirzəmiyə. Bununla da 4 insanı birləşdirən bu gecədə bu həyat yolları doğmalaşdırır onları. “Qafar kişi atamdır, Sevinc isə qızımdır” deyə sahiblənir Sevil xanım. Ermənilər ailə olduqlarına inanır. Erməni Sevil xanımla bir şərt kəsir. Deyir ki, “Bizim erməni oğlumuz Bakı şəhəri - Şüvəlan həbsxanasında dustaqdır. Sən əgər onu alıb bizə gətirsən, biz də sənin 3 ailə üzvünü sağ-salamat qaytararıq”. Bu şərt ətrafında düşünüb qərar verdikdən sonra Sevil xanım bu şərti qəbul edir. Səhər övladı ilə vidalaşan Sevil xanım Ağdama yola salınır. Bakını tanımayan bir qadın üçün bu əmri yerinə yetirmək çox çətin idi. Artıq Ağdamda yubanmaq olmazdı. Tezliklə Bakıya gedib, dustağı qanuni yolla gətirib, əsirləri dəyişmək lazım idi.
Milli Məclisə, Prokurorluğa edilən yazılı-şifahi müraciətlər nəticəsində dustağın vətəndaşa verilməsi haqqında qərar Milli Məclisdə səsə qoyuldu. Nəhayət ki, bu danışıqlar nəticəsində, aprel ayının 28-də dustaq Allahverdi Bağırovun və Sevil xanımın müşahidəsi ilə erməniyə qaytarılır və əvəzində 3 azərbaycanlı əsir azadlığa qovuşur. Qafar kişini, Sevinc xanımı və Ceyhunu azadlığa qovuşduran Sevil xanım həmişə Qafar kişinin qürur mənbəyi olduğunu öz xatirəsində söyləyirdi.
Bilirsiz, əziz oxucularım, 31 il sonra mən - Əbdülova Günay Şakir qızı Qayınanam - Atamın bir tək doğma bacısı olan Sevil xanım haqqında bu məqaləni yazmağı borc bildim. Çox əfsus olsun ki, 10.11.2023-cü il tarixində Sevil xanım vəfat etdi. Allah rəhmət etsin!
Amma mən nə qədər yaşayacam Sevil xanım Əbdülova ilə fəxr edəcəm! Qoy bütün gənclərimiz Sevil xanımı tanısın və Qəhrəman Qadın adı veriləcək bir şəxsiyyətin olduğunu hamı bilsin. Xocalı elinə bir də gəlməyəcək Sevil xanım kimi bir qadın. Allah rəhmət etsin, Əzizim!
Günay ƏBDÜLOVA