Bəzən düşüncələrin, duyğuların çoxluğu insanı ağuşuna elə alır ki, olub-bitənlərin fərqinə həmin an varmaq çətin olur. Belə bir məqamda portal məsələmiz həll olundu və artıq doğulduğum Kosalar kəndinə qovuşmaq üçün yola çıxdıq. Bu əlamətdar gün doğum günümün 38-ci illiyi ərəfəsində, Kosalar həsrətimin isə 32-ci ilində qismət oldu. Özümdən çox atamın kəndimizə qayıtmasını arzulayırdım. Çünki hər anın bir hökmünün olduğu vaxtda bütün doğmalarını, bacı-qardaşlarını, anamı itirən 84 yaşlı atamın dədə-baba yurdunu ziyarət etməsinin onun üçün ən böyük arzularından biri olduğunu bilirdim. Bu qayıdış atam üçün təkcə yurd-yuva axtarışı deyil, həm də əzizlərinin ruh-larının dolaşdığı yerlərdə xəfif xa-tirələrin canlanması, səsləyişi idi.
Düzü, mən kəndimizi, evimizi yaxşı xatırlamırdım. Kəndimiz iğal olunan zaman 6 yaşıma yenicə keçmişdim. Bəzi yerlər kölgə kimi gözlərimin qarşısına gəlirdi. Buna baxmayaraq, peyk görüntülərinə o qədər baxmışdım ki, zənn edirdim evimizi asanlıqla taparam. Ancaq bu, mən düşündüyüm kimi asan deyilmiş. Yadımda qalıb ki, evimizin yuxarısında Qızılqaya adlanan daşlı yamac var. Evimizin həndəvərində forması balaca divana oxşayan daş parçası isə yad-daşıma elə əbədi daş kimi möhürlənib. O daş uşaqlıq yaddaşımın sirdaşı idi. O daşa qovuşmağın özü bir arzu olmuşdu. Evimizin arxa tərəfində əkilən zanbaq güllərinin rənginə heyranlığımı gizlətmirəm. Bir də evimizin pəncərəsindən baxarkən gecə vaxtı səmada gördüyüm yanan güllələr yaddaşımda qalıb. Həmin yanan güllələrin uçuşu ilə uşaqlıq illərimə doğan Kosalar günəşindən məhrum qaldım. Bunlardan savayı xatırlayacağım nə isə qalmayıb.
Kosalara çatanda qardaşım Fuad avtomobili saxlayaraq yerə düşdü. Onun sevinc-kədər dolu ağlamağı məni çox kövrəltdi. Məndən dörd yaş böyük olan qardaşım sanki bir an içində ötən günlərin möcüzə ilə geri qayıtmasını istəyirdi. Məkan həmin məkan olsa da, zaman həmin zaman deyildi. Yurd həmin yurd olsa da, tanınmaz halda idi. Bir vaxtlar səsli-küylü, izdihamlı kənd indi sükuta qərq olmuşdu. Fuad böyük qardaş kimi qabağa keçərək bizə evimizin yolunu göstərdi. Atamın bir əlində özünə dayaq vermək üçün ağac vardı, o biri qolundan da mən tutmuşdum. Bir vaxt ayağında təpər, ürəyində qüvvət olan atam indi yıxıla-yıxıla evimizə qayıdırdı. Xəstəliklərin, əziz adamlarının ağrıları canını ağrıdır, qocalığın soyuğu və zülməti onun üstünü qara buludlar kimi almışdı. Göz-ləri dola-dola, köksünü ötürə-ötürə dağılan evlərə baxan zaman ürəyi qan ağlayırdı. Həmin anı düşünəndə məni qəhər boğur, boğazım düyümlənir.
Biz evimizə qayıtmışdıq. Daha doğrusu, viran olmuş, yandırılmış evimizə. Viran da olsa, yandırılsa da, evimizin bizim üçün müqəddəs olduğu bəllidir. Əsas odur ki, mənfur düşmənlərin daha ayağı bu yerlərə dəymir, nəfəsləri ilə daha buraları murdarlaya bilmirlər. Atamın “kəndə qədəm qoyanda gözlərim dünyasını dəyişən insanları axtardı” deməyi ilə zaman ötdükcə yaşlı nəslin azaldığı həqiqətinin fərqinə vardım. Mənə təsəlli budur ki, bu illər ərzində ruhumuz, əqidəmiz olduğu kimi qalıb. Harda məskunlaşdığımızdan asılı olmayaraq birliyimiz, torpağa bağlılığımız, zəhmətsevərliyimiz, adət-ənənələrimiz, döyüş əzmimiz dəyişmədi. Bu yurdun oğulları, döyüşkən nəslin davamçıları Vətən Müharibəsində igidliklə döyüşlərə qatıldılar. Gənclərimiz köçkünlük həyatı yaşasalar da, yaxşı təhsil alaraq müxtəlif ixtisaslara yiyələndilər, yüksək vəzifələrdə işləyə bildilər, xalqımız, elimiz, cəmiyyətimiz üçün faydalı vətəndaş oldular.
32 illik həsrətin tamamına bir neçə gün qalmış doğma kəndimə yazıçı, jurnalist kimi qayıtsam da, etiraf edirəm ki, təəssüratlarımı, duyğularımı ifadə etmək üçün acizlik çəkirəm. Bu duyğunu, bu hissi yaşayanlar bilir, bilməyənlərə də yaşamasını arzu edirəm. Ancaq onu deyə bilərəm ki, doğma yurdu ziyarət edə bilən bütün həmvətənlərimiz üçün bu, Allahın bir lütfüdür. Bu vüsal əsl xoşbəxtlikdir. Bu gün mən də ən böyük, ən müqəddəs arzum çin olduğu üçün mənən özümü rahat hiss edirəm.
Artıq bu yurdun övladları kəndə qayıdır, ötən illərin sorağına düşərək keçmiş xatirələri yada salırlar. Uçmuş evlərin divarlarından şölələnən günəş bu elə artıq xoş günlərin gəldiyini xəbər verir. Göylərə ucalmaq arzusu ilə heyrətamiz görkəm alan Kosaların qala divarı Yaəli dağı indi qürurla yurda qayıdan övladlarını salamlayır. Şəffaf bulaqlarımız gəlişimizə sevinərək zümzümə edir. Yaxınlıqda gəzişən qırqovullar, kəkliklər xoş nəğmələr söyləyirlər. Güllər hər tərəfdə xalça kimi naxış-naxış düzülərək xoş əhval-ruhiyyə bağışlayır. Bir sözlə, ana təbiət övladlarını yenidən qoynuna aldığı üçün, vüsala çatdığı üçün sevinir. Elə övladları da doğma yurda tələsir, xoşbəxtcəsinə torpağından, daşından öpərək halallıq istəyir, bu qədər ayrı qala bildikləri üçün üzrxahlıq edirlər.
Mənim üçün Kosalar adı mü-qəddəsdir. Ona görə yox ki, Kosalar tək mənim doğulduğum kənddir, Kosalar həm də qəhrəman yurddur. Bu adla, kəndimin igid oğulları ilə həmişə fəxr etmişəm. Mənliyim, ruhum Kosalar kəndinin qəhrəmanlıq hekayələri ilə daha da formalaşıb. Düşmənə matəm saldıran, sonadək mərdliklə döyüşən qəhrəman kəndin, döyüşkən elin oğlu olmaq mənə böyük fəxarətdir. Əminəm ki, Kosalar kəndinin bütün övladları mənim kimi düşünür.
Bu qələbələri, xoşbəxt anları yaşadığmız üçün özümüzü xoşbəxt saymalıyıq. Yaşadığımız qələbənin sevincini ürəkdən yaşamalı, Böyük Zəfərimizin əhəmiyyətini düzgün dərk etməliyik. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizi həmişə qürur hissi ilə anmalıyıq. Qazilərimizin öz sağlamlıqlarına qovuşması üçün dualarımızı əsirgəməməliyik. Qələbəmizin baş memarı olan Müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı həmişə etməliyik. Çox şükür bu günlərə ki, artıq Qarabağa qayıtmışıq. Ən əsası düşməndən qisası döyüş meydanında alaraq başıuca, alnıaçıq torpaqlarımıza qovuşmuşuq...
Qalib QULİYEV,
Xocalı rayon Kosalar kənd sakini,
“Xocalının səsi” qəzetinin redakoru