Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Narkomaniya insanı fəlakətə aparan xəstəlikdir

0

  • Narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir.
    Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir.
    Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.
    Narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır.
    Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qaraciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.
    Bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
    Narkotik, ilk növbədə, narkomanın sağlamlığına ziyan vurur. Narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnir. Orqanizmin zəhərlənməsi daxili orqanların - qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır. Narkomaniyanın yaratdığı ən geniş yayılmış xəstəlik "Hepatit B"dir ("Hepatit B" xəstəliyi qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsi ilə daxil olur və vena vasitəsi ilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşır. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də "HİV" və "QİÇS" xəstəliyinə.
    Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür ki, bu yol ilə əldə edilən qanunsuz gəlirlər də yeni müharibə və münaqişə ocaqlarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.
    Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır.
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 26-cı fəslində “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər” nəzərdə tutulmuşdur.
    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 22-cı fəslində “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar” nəzərdə tutulmuşdur.
    1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tamhüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur. 1998-ci ildə isə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Həmçinin ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalamışdır.
    Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.
    Ümummilli Lideri 1996-cı il avqustun 26-da müvafiq Fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
    Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı "Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" elan edib.
    Beləliklə, ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biridir.

    Natiq İbrahimov,
    Xocalı rayon prokurorlugunun müstəntiqi, III dərəcəli hüquqşünas
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaÜmumi
    Yerləşdirdi
    Yerləşdirildi3 ay öncə
    İzlənib30 dəfə
    narkomaniya insanı fəlakətə aparan xəstəlikdir

    Maraqlı gələ bilər
    375
    43